2006-CI İLİN FUTBOL ÜZRƏ DÜNYA ÇEMPİONATINDA 40 MİN KÖNÜLLÜ İŞLƏMƏK İSTƏYİR
Rəqəmlər təsdiqləyir ki, çempionatın rəsmi “Dostlaşmaq vaxtıdır” şüarı təsadüfən seçilməmişdir. Belə ki, könüllü olmaq haqqında hər 10 ərizədən biri Almaniyanın hüdudları xaricindən göndərilmişdir. Təşkilat komitəsinin hesablamalarına görə, ərizələr, Burkina-Faso və ya Virginiya adaları kimi ekzotik ölkələr də daxil olmaqla, beş qitənin 156 ölkəsindən alınmışdır. Könüllü işləmək istəyənlərin ən çoxu Braziliyadandır. Bu ölkədən 1000-dən çox ərizə daxil olmuşdur. Maraqlıdır ki, dünya birinciliyində pulsuz işləmək istəyənlərin təxminən üçdə biri qadınlar, 64 faizi 30 yaşınadək olan gənclər, o cümlədən 16 min məktəbli və tələbədir. Ahıllardan təxminən 1200 ərizə alınmışdır. Onlardan 40 nəfərinin yaşı 69-dan yuxarıdır. Ən qocaman könüllü 78 yaşındadır. Almaniya çempionatına 15 min könüllü köməkçi cəlb etmək nəzərdə tutulur. Yaxın aylarda namizədlərlə söhbətlər aparılacaq, seçilmiş şəxslər yazda məşq kursları keçəcəklər. Üçüncü və sonuncu ərizə qəbulu mərhələsi 2006-cı ilin yanvar-fevral aylarında keçiriləcəkdir.