İQTİSADİYYAT
2017-ci ildə “Azərişıq” ASC-yə daxil olan müraciətlərin sayı 17,1 faiz artıb
Bakı, 15 yanvar, AZƏRTAC
2017-ci ildə “Azərişıq” ASC-yə daxil olan müraciətlərin sayı 17,1 faiz artıb.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən ildə “Azərişıq” ASC-yə daxil olmuş elektron müraciətlər qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti üzrə səhmdar cəmiyyətin Baş İdarə və Regional Enerji Təchizatı və Satışı idarələrində baxılaraq həll edilib, bəzi müraciətlər icraya nəzarət çərçivəsində nəzarətə götürülüb. Müraciətlərdə göstərilən məsələlərin mahiyyəti diqqətlə öyrənilib, onların yaranma səbəbləri təhlil edilib, müvafiq tədbirlər həyata keçirilib.
“Azərişıq” ASC-nin fəaliyyət sahələri üzrə əhaliyə xidmətlərin innovativ əsaslar üzərində təkmilləşdirilməsi, bu xidmətlər sektorunda şəffaflığın təmin edilməsi istehlakçılar tərəfindən daxil olan bütün müraciətlər cavablandırılıb.
Aparılan analitik araşdırmalara görə, ən çox vətəndaşların müraciətləri gərginliyin aşağı olması ilə bağlı olub (30,8 faiz). 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz azalma müşahidə olunub.
ASC-nin rəsmi internet səhifəsindən son bir il ərzində 6604 elektron müraciət daxil olub, bütün müraciətlər qısa müddət ərzində “Azərişıq” ASC-nin mütəxəssisləri tərəfindən araşdırılıb. 2016-cı ilin analoji dövründə 5477 müraciət daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə müraciətlərin sayı 17,1 faiz artıb.
Statistikaya əsasən, elektron müraciətlərin daha çevik və operativ həlli istehlakçıların bu xidmətdən istifadəsini artırıb. Həmçinin daxil olan müraciətlər həftənin 6 günü cavablandırılır, istehlakçıların bütün müraciətləri araşdırılır.
İstehlakçılar müraciətlərini “Azərişıq” ASC-nin “www.azerishiq.az” rəsmi internet səhifəsinin “Elektron Müraciət” bölməsinə daxil olaraq onları maraqlandıran sual, təklif, sorğu və şikayəti internet vasitəsilə ünvanlaya bilərlər. Müraciətlərin qəbul olunması barədə istehlakçılara dərhal məlumat veriləcək, onların mahiyyəti üzrə araşdırılması və cavablandırılması təmin ediləcək. Bundan əlavə, istehlakçılar ASC-nin “199” saylı “Çağrı mərkəzi”nə müraciət edə bilərlər. Bütün müraciətlər araşdırılaraq öz həllini tapacaq.
Xatırladaq ki, ”Azərişıq” ASC-nin rəsmi internet səhifəsi vasitəsilə elektron formada göndərilmiş müraciətlər “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”na uyğun olaraq qeydiyyata alınır və baxılır.
Fəaliyyətinin beynəlxalq standartlara uyğun quran “Azərişıq” ASC istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə etməklə istehlakçılara yüksəkkeyfiyyətli xidmət göstərilməsinə nail olub.