Biləsuvarda suvarma kanalı beton üzlüyə alınıb VİDEO
Biləsuvar, 18 fevral, AZƏRTAC
Biləsuvar Suvarma Sistemləri İdarəsi tərəfindən yeni suvarma mövsümünə hazırlıq işləri davam edir. İdarənin balansında olan torpaq məcralı kanallar su itkisinin qarşısının alınması məqsədilə beton üzlüyə alınır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2021-ci ildə bu kanallardan uzunluğu 6 kilometr olan R-1 kanalının beton üzlüyə alınmasına başlanılıb. Mənbəyini Cənubi Muğan kanalından götürən kanal suvarma suyunun verilməsini asanlaşdırır və su istifadəçilərinə suyu vaxtında və itkisiz çatdırmağa kömək edir. Kanalın xidməti sahəsində 1600 hektara yaxın suvarılan torpaq sahəsi var. Həmin sahələrdə pambıq, taxıl və yem bitkiləri əkilir.
Ümumiyyətlə, Biləsuvar Suvarma Sistemləri İdarəsinin balansında 69 ədəd nasos stansiya var. Bu stansiyalardan 22-si elektrik enerjisi, 47-si isə dizel mühərrikləri ilə çalışır. Ötən il həmin nasos stansiyalarda cari və əsaslı təmir işləri aparılıb. Bu il də plana uyğun olaraq bu işlər həyata keçiriləcək. Keçən il bu nasoslar vasitəsilə Biləsuvar rayonu ərazisində 20600 hektar əkin sahəsi suvarılıb. Qalan ərazilərin suvarılması isə öz axını ilə aparılıb. Suvarma mövsümündə suyun su istifadəçilərinə daha sürətli və itkisiz çatdırılması üçün kanallar hər il lildən və kol-kosdan təmizlənir.
Qeyd edək ki, Biləsuvar Suvarma Sistemləri İdarəsinin balansında 50200 hektardan artıq suvarılan torpaq sahəsi mövcuddur. Bu sahələrin suvarılması öz axımı və nasos stansiyalar vasitəsilə həyata keçirilir.