Xızıda suvarma kanalları qapalı boru kanalla əvəzlənib VİDEO
Xızı, 21 fevral, AZƏRTAC
Xızı rayon Suvarma Sistemləri İdarəsi yaz suvarma mövsümünə hazırlaşır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə rayonda kanallar lil və kol-kosdan təmizlənir, hidrotexniki qurğular cari təmir edilir.
Son illər Xızı rayonunda görülən meliorativ tədbirlər nəticəsində 9989 hektar sahə əkin dövriyyəsinə cəlb edilib. Belə ki, əvvəllər rayonda suvarılan sahələr cəmi 2970 hektar idi. Dövlət başçısının sərəncamı əsasında Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində hazırda rayonda suvarılan sahələr 12959 hektar təşkil edir. Həm əvvəllər mövcud olan, həm də əkin dövriyyəsinə yeni cəlb olunan sahələrdə suvarma təminatını yaxşılaşdırmaq məqsədilə 327 kilometr uzunluğunda kanallar çəkilib. Bu kanalların 102 kilometri açıq, 225 kilometri isə qapalı tiplidir. Kanallar üzərində 1899 ədəd hidrotexniki qurğu quraşdırılıb.
Xızı rayon Suvarma Sistemləri İdarəsi tərəfindən rayonda təsərrüfat sahiblərinin vaxtında və itkisiz suvarma suyu ilə təmin edilməsi məqsədilə ötən il torpaq məcralı 4300 metr uzunluğunda kanal qapalı boru kanalla əvəz edilib.
Görülən tədbirlərin nəticəsidir ki, hazırda fermerlər rahatlıqla sahələrini suvardıqlarını bildirirlər. Bu isə onların bol məhsul əldə etməsinə imkan yaradır.
Qeyd edək ki, cari ildə Xızı rayonunda 6516 hektar sahədə əkin işləri aparılıb. Bu ərazilərin suvarılması məqsədilə sahələrə 12 ədəd valler tipli müasir yağış yağdıran aqreqatlar quraşdırılıb.