İQTİSADİYYAT


2040-cı ilədək paytaxtda küçə-yol şəbəkəsinin uzunluğu 2550 kilometrə çatdırılacaq

Bakı, 9 oktyabr, AZƏRTAC

Hazırda paytaxtın küçə-yol şəbəkəsi əsasən radial-həlqəvi nəqliyyat marşrutları üzrə təşkil edilib. Gələcəkdə həmin nəqliyyat marşrutlarının inkişaf etdirilərək diaqonal marşrutlara çevirməsi ilə məntiqi tamamlandırılması prinsipi də əsas götürülərək paytaxtın yeni nəqliyyat planlaşdırılma sxemi hazırlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ictimaiyyətə təqdim olunan Bakı şəhərinin Baş planının layihəsində deyilir.

Baş planda qeyd edilir ki, 2027-ci ilin sonunadək paytaxtın şimal giriş-çıxış nəqliyyat probleminin əsaslı həll edilməsi məqsədilə Bakı və Sumqayıt şəhərlərini birləşdirəcək yeni magistral avtomobil yolu planlaşdırılıb.

Xarici həlqəvi marşrutların tamamlanması məqsədilə “Xarici Dairəvi Yolu-Böyükşor-Ziya Bünyadov” həlqəvi marşrutunun, habelə “Lökbatan-Xocasən-Binəqədi-Böyükşor-Sabunçu” xarici həlqəvi yolunun yaradılması nəzərdə tutulur.

“Zığ-Aeroport” şosesi vasitəsilə şəhərin şərq və şimal-qərb hissələrinin həlqəvi birləşmə marşrutunun tamamlanması məqsədilə “Xırdalan-M1 avtomobil yolu-Digah-Zabrat-Hava Limanı” həlqəvi magistralın yaradılması planlaşdırılır.

Paytaxtın mərkəzi hissəsinin əlavə nəqliyyat yükündən qorunması məqsədilə “Mehdiabad-Dərnəgül-Ziya Bünyadov prospekti-Keşlə-Babək prospekti-“Ağ şəhər”-Nobel prospekti” yeni diaqonal nəqliyyat marşrutunun yaradılması nəzərdə tutulur.

“Bakı-Sumqayıt” şosesində, Xırdalan və “20 Yanvar” dairələrində nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə paytaxtın strateji 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması planlaşdırılır.

Xarici həlqəvi yolun tamamlanması məqsədilə Səttar Bəhlulzadə küçəsi ilə “Zığ-Hövsan” şosesini, o cümlədən Sabunçu dairəsi ilə Bülbülə gölünün qərbindən keçməklə Zığ şosesini birləşdirəcək yeni həlqəvi yolların yaradılması nəzərdə tutulur.

Bunlarla yanaşı, mövcud nəqliyyat tıxaclarının qarşısının alınması və paytaxtın küçə-yol şəbəkəsinin inkişaf etdirilməsi məqsədilə əlavə bir sıra zəruri tədbirlər də planlaşdırılır.

Qeyd edilən tədbirlərin həyata keçirilməsi nəticəsində 2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğunun yerli əhəmiyyətli yollarla birlikdə 2300 kilometrdən 2550 kilometrə çatdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.