Qusardakı bayram yarmarkasında qiymətlər bazardakından 15-20 faiz ucuzdur VİDEO
Qusar, 17 mart, Elxan Yusifli, AZƏRTAC
Novruz bayramı ərəfəsində Qusar sakinləri üçün ərzaq və kənd təsərrüfatı mallarını daha ucuz qiymətə almaq imkanı yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 17-dən etibarən Qusar şəhərində bayram satış yarmarkası açılıb.
Bayram ərəfəsində təşkil olunan yarmarkaların məqsədi əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır.
Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rauf Minhacov bildirib ki, yarmarkada rayonun 29 inzibati ərazi vahidliyindən satışa 30 növ məhsul çıxarılıb. Ərzaq və kənd təsərrüfatı malları sakinlərə bazardakı qiymətindən 15-20 faiz ucuz təklif olunur.
İstehsal etdikləri məhsulları sərfəli qiymətə satan fermerlər yarmarkanın təşkilindən razılıqlarını bildiriblər.
Bayram satış yarmarkası bayram gününün sonunadək davam edəcək.