REGİONLAR
Qəbələdə torpaq kanallar lildən təmizlənir, sel sularına qarşı mübarizə tədbirləri gücləndirilir VİDEO
Qəbələ, 18 mart, AZƏRTAC
Qəbələ Suvarma Sistemləri İdarəsi tərəfindən rayonun və kəndlərin, yaşayış məntəqələrinin, eyni zamanda, kənd təsərrüfatına yararlı torpaq sahələrinin sel sularından mühafizəsini təşkil etmək üçün 2022-ci ilin planlaşdırılmasına uyğun olaraq, bu məqsədlə 1320 kubmetr daş-beton bəndin, 100 kubmetr qabion bəndin, 50 kubmetrə yaxın şax bəndin vurulması və çay məcralarının təmizlənməsi işləri nəzərdə tutulub.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu ilin yanvar ayından idarənin texnikaları vasitəsilə başlanan məcra təmizləmə işləri bu gün də davam etdirilir. Ümumilikdə Qəbələ rayonunda 15 kilometrdən artıq daş-beton bənd vurulub. Bu il də dağ çaylarında daş-beton bəndin vurulması üçün hazırlıq işlərinə başlanılıb.
Qəbələ Suvarma Sistemləri İdarəsi tərəfindən 2022-ci ildə 15924 hektar suvarılan sahəni su ilə təmin etmək məqsədilə kanal və arxlarda lildən və kol-kosdan təmizləmə işləri planlaşdırılıb. Yanvar-fevral ayları ərzində idarənin texnikaları vasitəsilə 28 kilometrdən artıq məsafədə kanal və arxlar lildən təmizlənərək istismara hazır vəziyyətə gətirilib. Hazırda da işlər sürətlə davam etdirilir. 2021-ci ildə 1800 metr təsərrüfatlararası kanallarda beton üzlük çəkilib ki, bütün bu tədbirlər sudan səmərəli və itkisiz istifadəyə səbəb olub. Belə olduğu halda, rayonda fəaliyyət göstərən fermerlərin suvarma suyu ilə təminatı ildən-ilə yaxşılaşır.
Qeyd edək ki, Qəbələ Suvarma Sistemləri İdarəsinin balansında 972 kilometr kanal və arxlar mövcuddur. Rayon ərazisində yerləşən əkin sahələrinin suvarılması üçün 12 suvarma mənbəyindən su götürülür.