REGİONLAR
Ağdam: əkinlərin suvarma suyu ilə təminatı üçün ardıcıl tədbirlər görülür VİDEO










Ağdam, 19 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biridir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağdam rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağdam mexaniki suvarma idarəsinin rəisi Hafiz Əzimzadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, idarə rayonun 36 min 10 hektar əkin sahəsinin suvarılmasını, eləcə də əhalinin içməli və təsərrüfat suyuna olan tələbatının ödənilməsini həyata keçirir. 31 min 559 hektar sahə subartezian quyuları, 4451 hektar sahə isə öz axımı və nasos stansiyaları ilə suvarılır. İdarənin balansında 986 ədəd subartezian quyusu, 4 nasos stansiyası, 11 kəhriz, 4 suyığıcı göl, 365 kilometr suvarma kanalı, 236 hidrotexniki qurğu var. Subartezian quyularının 105-də Skada sistemi quraşdırılıb.
Rayonda subartezian quyularının, nasosların və hidroqurğuların təmiri daim diqqət mərkəzində saxlanılır, kanallarda ilboyu lildəntəmizləmə işləri həyata keçirilir. Həyata keçirilən tədbirlər nəticəsində əkinlərin suvarma suyu ilə təminatında heç bir çətinlik yaranmayıb. 2022-ci ilin iki ayı ərzində 26 min 266 hektar sahə suvarılıb.
Əfətli kənd sakini Fazil Məmmədhüseynzadə əkinlərin suvarılmasında heç bir çətinliyin olmadığını və tarlasından yüksək məhsuldarlıq gözlədiyini deyib: “Qoyunçuluqla, pambıqçılıqla məşğulam. Ötən il 10 hektar pambıq sahəsinin hər hektarından 30 sentnerdən çox məhsul götürmüşəm. Suvarma heç bir problem yoxdur. Hazırda pambıq əkiləcək sahələrdə arat işləri həyata keçiririk. Bu il çalışacam məhsuldarlıq 40 sentnerdən də yuxarı olsun. Kənd sakinlərinə, fermerlərə göstərdiyi diqqət və qayğıya görə Prezidentimizə minnətdarlığımı bildirirəm”.
Ağdam rayonunun işğaldan azad edilən ərazilərində də su təsərrüfatı obyektlərinin bərpasına başlanılıb. Ağdam mexaniki suvarma idarəsinin rəisi Hafiz Əzimzadə bildirib ki, işğaldan azad edilmiş ərazilərdə 327 ədəd subartezian quyusu, 2 su anbarı, 327 kilometr suvarma kanalları, 267 hidrotexniki qurğu olub. Artıq 12 subartezian quyusunda təmir-bərpa işləri aparılıb. Bu gün bərpa edilən subartezian quyusu saatda 120 kubmetr suçıxartma qabiliyyətinə malikdir ki, 35-40 hektar əkin sahəsinin suvarılmasına xidmət edəcək.
“İşğaldan azad olunmuş ərazilərdə Xaçınçay və Ağdamkənd su anbarlarında smeta-layihə işləri hazırlanır. Xaçınçay su anbarının həcmi 23 milyon kubmetr, Ağdamkənd su anbarının həcmi isə 1,7 milyon kubmetrdir. Yaxın zamanlarda Xaçınçay su anbarında təmir-bərpa işləri aparılacaq. Bütün bu işlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımı bildirirəm” – deyə, H.Əzimzadə bildirib.