20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılmışdır
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də Azərbaycan Dövlət İqtisad Universitetində 20 Yanvar - Ümumxalq hüzn günü ilə bağlı toplantı keçirilmişdir.
Əvvəlcə müstəqilliyimiz və azadlığımız uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Universitetin tədris işləri üzrə prorektoru Nazim Eminov, İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun böyük elmi işçisi Rəcəb Rəhimli və başqaları iyirmi bir il əvvəl Bakıda törədilmiş faciənin mahiyyəti barədə ətraflı məlumat vermişlər.
Bildirilmişdir ki, bu faciə Azərbaycanın və bütövlükdə türk dünyasının faciəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya girərək dinc əhaliyə divan tutmuş, qırğınlar törətmişdir. O, müdhiş gecədə əliyalın insanlara, o cümlədən uşaqlara və qocalara qarşı qəddarlıq göstərilmiş, günahsız qanlar tökülmüşdür. Həmin gün xalqımız böyük faciə ilə üzləşsə də, özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, azadlıq, müstəqillik uğrunda mübarizliyini, sarsılmazlığını bütün dünyaya sübut etdi. 20 Yanvar faciəsi başda M.Qorbaçov olmaqla, ermənipərəst sovet rəhbərliyinin Azərbaycana qarşı məkrli niyyətini bir daha açıb göstərdi. Hadisədən dərhal sonra xalqımızın böyük oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyev özünün və ailə üzvlərinin həyatı üçün təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək imperiyanın əsl niyyətlərini bütün dünyaya bəyan etdi. Ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra bu qanlı aksiyaya siyasi-hüquqi qiymət verildi. İyirmi il əvvəl öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.
Tədbirdə şəhidlərə həsr olunmuş şeirlər söylənmiş, faciəni əks etdirən videoçarx nümayiş etdirilmişdir.
######
