20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları qurumun inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstü və şəhidlərin xatirəsinə yaradılmış guşəyə gül dəstələri düzmüşlər.
Mərasim iştirakçıları bir dəqiqəlik sükutla “Qanlı Yanvar” hadisələri qurbanlarının xatirəsini yad etmişlər.
Tədbirdə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov xalqımızın tarixində qanlı iz qoymuş 20 Yanvar hadisələrindən danışmışdır. Bildirmişdir ki, 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusu Bakıya daxil olaraq dinc əhalini atəşə tutmuşdur. Həmin gün yüzlərlə günahsız insan amansız zorakılığa məruz qalmış, öldürülmüş və itkin düşmüşdür. İtkilərə və günahsız insanların qətlinə gətirib çıxaran 20 Yanvar faciəsi, keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirmişdir.
Qeyd edilmişdir ki, o hüznlü günlərdə ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getmiş və xalqa qarşı törədilmiş vəhşiliklərdə sovet imperiyasını ittiham etmişdir.
Mərasimdə şəhid ailələrinə dövlət qayğısından danışılmış, onların problemlərinin həlli üçün məqsədyönlü tədbirlərin keçirildiyi qeyd olunmuşdur.