20 Yanvar faciəsi rəssamların əsərlərində
Naxçıvan, 19 yanvar (AZƏRTAC). Naxçıvan MR Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş sərgi təşkil edilmişdir.
Sərgiyə baxışdan əvvəl birliyin sədri, Azərbaycan Respublikasının xalq rəssamı Hüseynqulu Əliyev çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək onların xatirəsini daim dərin ehtiramla yad edir. 20 Yanvar isə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılmış və bu gün xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Vətənin azadlığı uğrunda özlərini qurban verən şəhidlərin ucaldığı zirvə bugünkü gənclər üçün bir örnəkdir. Muxtar respublikada da şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad edilir, onlar haqqında əsərlər yazılır, mahnılar bəstələnir. Diyarımızda yaşayıb-yaradan rəssamlarımız da bu mövzuya tez-tez müraciət edir, xalqımızın igidlik, qəhrəmanlıq salnaməsini əsərlərində canlandırırlar.
Çıxışlardan sonar sərgiyə baxış olmuşdur. Sərgidə 24 müəllifin, o cümlədən Telman Abdinovun, Məhəmmədəli Ələkbərovun, Əli Səfərovun, Rəfail Qədimovun, Sabir Məmmədovun, Fizzə Quliyevanın, Nəsib Nəsirovun və başqalarının 50-yə yaxın rəngkarlıq, döymə və qrafika janrlarında çəkdikləri əsərlər nümayiş etdirilir.
######
