20 Yanvar faciəsi xalqımızın istiqlal tarixinin qəhrəmanlıq səhifəsidir
Bakı, 21 yanvar, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəhbərliyi və əməkdaşları 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər. Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə qəhrəmancasına həlak olmuş şəhidlərimizin unudulmaz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər qərənfillər qoyulub.
Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qanlı Yanvar faciəsinin 33-cü ildönümü ərəfəsində SHXÇDX-nin Aparatının, həmçinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin inzibati binalarında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş sərgi - guşələr təşkil edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar keçirilən tədbirdə əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
SHXÇDX rəisinin müavini, general-leytenant Zaur Abdullayev xalqımızın istiqlal tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar hadisələrinin müstəqillik uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi olduğunu deyib. Z.Abdullayev 20 Yanvar faciəsini törədənləri kəskin ittiham edən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin tarixi xidmətlərindən söz açıb. Rəis müavini xalqımız tərəfindən faciə qurbanlarının xatirələrinin hər zaman qürur və ehtiramla yad edildiyini vurğulayıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş, sağlamlığını itirmiş şəxslərə və onların ailə üzvlərinə xüsusi qayğı göstərildiyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov çıxış edərək XX əsrin 80-ci illərinin sonlarında ermənilərin Azərbaycana qarşı ərazi iddialarına dəstək verən SSRİ rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz olaraq yumruq kimi birləşən xalqımıza qarşı törədilən 20 Yanvar hadisələrinin istiqlala gedən yolda ilk qığılcımlar olduğunu bildirib. O qeyd edib ki, sovet imperiyasını ifşa edən Ulu Öndər Heydər Əliyev o ağır günlərdə 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xalqımızın səsi oldu.
“20 Yanvar” İctimai Birliyinin sədri Sultan Əzimzadə çıxışında faciə zamanı şəhid olanların ailə üzvləri və xəsarət almış iştirakçıların dövlətin qayğısı ilə əhatə olunduqlarını bildirib. Təmsil etdiyi təşkilatın bu şərəfli tarixin təbliği istiqamətində rolundan danışıb.
Tədbirdə iştirak edən “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli milli dövlətçilik tariximizin əlamətdar səhifələrindən olan 20 Yanvar hadisələri barədə fikirlərini bölüşüb.