20 Yanvar faciəsinin ildönümü Macarıstanda qeyd edilmişdir
Budapeşt, 21 yanvar (AZƏRTAC). Azərbaycanın Macarıstandakı səfirliyi və bu ölkənin Komarom şəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Eyni zamanda, səfirliyin və Macarıstan Hərbi-Tarix Muzeyi Komarom filialının birgə təşəbbüsü ilə muzeyin bu şəhərdəki filialında “Budapeşt-1956 - Bakı-1990: Azərbaycan və Macarıstan tarixinin faciəvi səhifələri arasında paralellər” adlı sərgi təşkil olunmuşdur.
Sərgidə sovet qoşunlarının 1956-cı ilin oktyabrında Budapeştdə, 1990-cı ilin yanvarında isə Bakıda törətdikləri vəhşilikləri əks etdirən foto-şəkillər, rəsm əsərləri, kitab və bukletlər nümayiş etdirilmişdir.
Tədbiri giriş sözü ilə Komarom şəhərinin meri Molnar Atilla açaraq Macarıstan və Azərbaycan xalqlarının tarixi yaxınlığı, hər iki xalqın müstəqilliyə doğru yolda eyni təhdidlər ilə üzləşdiyini və bu mübarizədə çoxsaylı qurbanlar verdiyini, habelə hazırda ölkələrimiz arasında səmərəli əməkdaşlığın qurulduğunu vurğulamışdır.
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev öz çıxışında 20 Yanvar faciəsini törədən səbəblərdən danışmışdır. O, keçmiş sovet rəhbərliyinin bir vaxtlar Macarıstanda və Çexoslovakiyada olduğu kimi Azərbaycanda da qəddar, amansız üsullarla xalqın azadlıq istəyinin qarşısına sədd çəkmək istədiyini, lakin niyyətinə çatmadığını bildirmiş, 1990-cı il 20 Yanvar hadisəsinin Sovet İttifaqı üçün sonun başlanğıcına çevrildiyini, sovet imperiyasının süqutunu sürətləndirdiyini qeyd etmişdir.
Tədbir iştirakçılarına Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti və bunun nəticəsində regionda yaranmış böhranlı vəziyyət haqqında da məlumat verilmişdir.
20 Yanvar faciəsinə həsr edilmiş sənədli film nümayiş etdirilmiş, iştirakçılara kitab və bukletlər paylanmışdır.
Pərvanə Rizvanqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt