20 Yanvar hadisələri Azərbaycan xalqının birliyini bir daha göstərdi
Bakı, 20 yanvar (AZƏRTAC). Füzuli rayonundan məcburi köçkünəm. 20 Yanvar hadisələri zamanı mənim yeddi yaşım vardı. Uşaqlıq xatirələrimdə qalmışdır. O günün tarixi bizim üçün həddən artıq ağrılı idi. 23 il keçməsinə baxmayaraq hər il yanvarın 19-dan 20-nə keçən gecə xatırlanır.
Şəhidlərimizin məzarlarını ziyarət etməyə gələnlərdən biri də İrəli” İctimai Birliyinin üzvü Sevinc Əliyevadır. AZƏRTAC-a müsahibəsində S.Əliyeva demişdir ki, həmin hadisələr zamanı Vətən uğrunda həlak olan insanlar şəhidlik zirvəsinə ucaldılar. Bu tarixi hadisələr Azərbaycan xalqının birliyini, bir yumruqda birləşdiyini bir daha sübut etdi. Bu Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir. Burada qocalar, qadınlar, uşaqlar - hamı bir oldu. Bu birlik bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan xalqının birliyini heç kəs, heç nə parçalaya bilməz. İnanıram ki, bütün gənclərə şəhidlərimizin qəhrəmanlıq salnaməsi bir nümunə olacaqdır. 20 Yanvar faciəsinə də məhz ümummilli liderimiz Heydər Əliyevin ciddi səyi nəticəsində hüquqi-siyasi qiymət verildi.
S.Əliyeva diqqətə çatdırmışdır ki, bu gün yanvarın 20-də gənclərin qrup şəklində toplaşaraq Şəhidlər xiyabanını ziyarət etməsi bizim birliyimizi göstərir. Biz heç vaxt qəhrəmanlarımızı unutmayacağıq.
Hər il yanvarın 20-də Prezident İlham Əliyev, dövlət, hökumət və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət edir, şəhidlərimiz xatırlanır. Bu da bizim birliyimizin göstəricisidir. İnşallah biz gənclər, bu birliklə, bir yumruqda birləşməklə işğal atında olan torpaqlarımızı azad edərik.