20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən universitetin tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov 20 Yanvar hadisələrinin xalqımızın qəhrəmanlıq tarixinə çevrildiyini qeyd etmişdir. Tarix boyu Azərbaycan xalqının öz ərazi bütövlüyünü, azadlığını qorumaq üçün mübarizə apardığını bildirən prorektor mübarizənin bu gün də davam etdiyini bildirmişdir. O, 1990-cı ilin yanvarında baş verən qanlı hadisənin azərbaycanlıların bir millət kimi məhv edilməsinə xidmət edən siyasətin tərkib hissəsi olduğunu vurğulamışdır.
ADU-nun alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti, şəhid atası Çərkəz Qurbanlı 20 yanvar gecəsi yüzlərlə gəncin Vətənin azadlığı uğrunda meydanlara axışdığının və əlisilahlı hərbçilərlə mübarizə apardığının şahidi olduğunu söyləmişdir. Bildirmişdir ki, ADU-nun tələbəsi Ülvi Bünyadzadə kimi yüzlərlə insan bir amal, bir məqsəd uğrunda - Vətənin azadlığı uğrunda şəhid olmuşlar.
Alman dili fakültəsinin dekan müavini Hənifə İmanquliyeva 1990-cı ilin yanvarın 21-də ADU əməkdaşlarının böyük bir qisminin Travmatologiya İnstitutunda 37 yaralıya qan verdiklərini xatırlatmışdır.
Sonra qanlı 20 Yanvar hadisələrini əks etdirən video-slayd nümayiş etdirilmişdir.
######
