20 Yanvar şəhidlərinin xatirəsi Tbilisidə yad edilmişdir
Tbilisi, 19 yanvar (AZƏRTAC). Azərbaycanlıların Tbilisidəki “Varlıq” mədəniyyət mərkəzində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilmişdir.
Mərasimi Azərbaycan Milli Məclisinin deputatı Elmira Axundova, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, iş adamları, ictimaiyyətin nümayəndələri ümummilli liderimiz Heydər Əliyevin Tbilisidəki büstü önünə əklillər və gül-çiçək dəstələri düzmüşlər.
Tədbiri Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Şövqi Mehdizadə açmışdır. Milli Məclisin üzvü Elmira Axundova mərasimin iştirakçılarına Azərbaycanın azadlıq və müstəqilliyi uğrunda dinc aksiyalara başlamış əhaliyə qarşı törədilmiş vəhşiliklərdən ətraflı söhbət açmışdır. E.Axundova demişdir ki, imperiyanın cəhdinə, düşmənlərimizin ona hiyləgərcəsinə dəstək verməsinə baxmayaraq, milli-azadlıq hərəkatını boğmaq mümkün olmadı. Bakıda dinc əhaliyə qarşı ordu və hərbi texnika yeridilərək çoxlu sayda insan tələfatına, nahaq qan tökülməsinə səbəb olmuş bu faciə xalqı qorxutmadı, əksinə birlik yarandı, ölkə əsrin əvvəlində itirdiyi müstəqilliyini bərpa etdi. Dünyanın bu haqsızlığa qarşı etirazını bildirməyib susduğu bir zamanda ulu öndər Heydər Əliyev öz həyatının təhlükə qarşısında olmasına baxmayaraq, Moskvada Azərbaycan nümayəndəliyinə gedib Azərbaycanın haqq işini dünya ictimaiyyətinə çatdırdı, sovet imperiyasının vəhşiliyini ciddi tənqid etdi. Bu, azadlıq uğrunda meydanlara çıxmış əhaliyə ruh verdi, əməkdaşlığı, birliyi yüksəltdi. Xalq şəhidlərinin qanı bahasına əldə olunmuş müstəqilliyin keşiyində sayıq dayandı.
Ümummilli liderimiz yenidən hakimiyyətə qayıdışı müstəqilliyimizi əbədi, əzəli etməklə yanaşı, ölkəmizi dağılıb-parçalamaqdan xilas etdi, yalnız Azərbaycanda deyil, bütün bölgədə sabitliyin bərpasının əsası qoyuldu. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti və şəxsi cəsarəti sayəsində əsrin qlobal layihələri gerçəkləşdi və bu gün onun həm siyasi, həm də iqtisadi sahədə böyük səmərəsi özünü göstərməkdədir. Xain ermənilərin qəsbkarlıq siyasətinə aldanıb azərbaycanlıların milli-azadlıq hərəkatını bağlamaq istəyən Rusiya imperiyasının özü boğuldu. Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq nüfuzu artır, iqtisadi qüdrəti yüksəlir.
Mərasimdə “Varlıq” mədəniyyət mərkəzinin rəhbəri şair Rafiq Hümbət, tarix elmləri doktoru Quram Marxulia, SOKAR-ın Gürcüstan nümayəndəliyinin məsul əməkdaşı Arif Əliyev, Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrı direktorunun müavini Namiq Hacıyev və başqaları çıxış etmiş, Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda canlarından keçmiş 20 Yanvar şəhidlərinin xatirəsinin Gürcüstanda da əziz tutulduğunu və sabiq sovet rəhbərliyinin Bakı faciəsinə görə beynəlxalq məhkəmələr qarşısında dayanmaları üçün bütün qüvvələri birləşdirməyə çağırmışlar.
Sonra faciədən bəhs edən film nümayiş etdirilmiş, kitablar və foto-şəkillərin sərgisi təşkil olunmuşdur.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi