20 Yanvar türk tarixində şanlı səhifədir
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Azərbaycanda Atatürk Mərkəzində Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
TUMİB-in sədri Çingiz Bayramov tədbiri açaraq 20 Yanvar faciəsinin başvermə səbəblərindən, xalqımızın öz istiqlaliyyəti dəhşətlərindən danışmışdır. Azərbaycan xalqının öz müstəqilliyini asan əldə etmədiyini vurğulayan Ç.Bayramov qeyd etmişdir ki, o qanlı günlərdə Azərbaycana ən böyük dəstək Türkiyədən olmuşdur.
Ulu öndər Heydər Əliyevin şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması və şəhidlərin adlarının əbədiləşdirilməsi məqsədi ilə imzaladığı sərəncamlardan bəhs edən sədr, ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərdiyini qeyd etmişdir.
Tədbirdə çıxış edən Türkiyənin Bakıdakı səfirinin müavini, polis general-mayoru İsmayıl Çalışkan 20 Yanvar hadisələrinin Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olduğunu qeyd etmişdir.
Digər çıxış edənlər də qəhrəman Vətən övladlarının xatirəsinin daim əziz tutulduğunu vurğulamış, onların şərəfli ömür yolunun gənclərə örnək olduğunu bildirmişlər.