QAN YADDAŞI
20 Yanvar xalqımızın yaddaşında qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb
![20 Yanvar xalqımızın yaddaşında qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb](/files/2023/1/1200x630/16741274536482959342_1200x630.jpg)
Bakı, 19 yanvar, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan baş direktor biologiya üzrə fəlsəfə doktoru Minarə Həsənova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisədən, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb. Bildirib ki, müdrik dövlət başçısı Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra 20 Yanvar hadisələrinə dolğun siyasi qiymət verilməsi bu inamı və əqidəni daha da möhkəmləndirib. Yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş şəxslərə dövlət başçısı tərəfindən “20 Yanvar şəhidi” fəxri adının verilməsi o günü bir daha gələcək nəsillərin yaddaşına həkk etdirdi. 20 Yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün 20 Yanvar şəhidlərinə borcluyuq.
Daha sonra İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, Həmkarlar İttifaqı Komitəsinin sədri Tünzalə Zeyvəliyeva çıxış edərək bildirib ki, bu gün Azərbaycan şəhidlik zirvəsinə ucalan oğul və qızlarını hədsiz ehtiramla yad edir və daim yad edəcəkdir. İndi hər bir azərbaycanlı lazım gələn anda 20 Yanvar şəhidlərinin getdiyi şərəfli yolu təkrarlamağa hazırdır. Müstəqil dövlətimizin və dövlətçiliyimizin qarantı da məhz milli qürurunu, vətəndaşlıq qeyrətini hər şeydən üstün tutan belə oğulların varlığıdır. Qanlı 20 Yanvar hadisələrinin 31-ci ildönümü ərəfəsində Müzəffər Ali Baş komandan İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti, xalqımızın vəhdəti və Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində 30 ilə yaxın əsirlikdə qalan doğma torpaqlarımız azad olundu. 44 günlük Vətən müharibəsi dövründə cəbhənin bütün istiqamətlərində düşməni darmadağın edən qəhrəman əsgər və zabitlərimizin qanı bahasına ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Sadalananlar xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini nümayiş etdirməklə yanaşı, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canımızdan belə keçməyə hazır olduğumuzu bir daha sübut etdi.
Tədbirdə institutun “Zəfər” televiziya internet kanalının Şəhidlər xiyabanında lentə aldığı film nümayiş olunub.