REGİONLAR
Masallıda əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır VİDEO





Bakı, 20 aprel, AZƏRTAC
Kənd təsərrüfatı bitkilərinin inkişafı suvarmadan asılıdır. Düzgün suvarılma məhsuldarlığı dəfələrlə artırdığından Azərbaycanda bu sahə xüsusilə diqqətdə saxlanılır. Əsas əkinçilik sahələri çəltik, tərəvəz və bostançılıq olan Masallıda suvarma imkanlarının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Masallı rayonunda suvarma suyunun verilməsi Viləşçay və Babaser su anbarları, 37 kiçik sututarı və subartezian quyuları vasitəsilə təmin olunur. Leysan xarakterli yağışlar nəticəsində rayon ərazisindəki bu su mənbələrində kifayət qədər su yığımına nail olunub. Hazırda Masallıda 9890 hektar əkin suvarma sahəsi 10110 hektara qədər artırılıb. Viləşçay su anbarı istismarı idarəsi tərəfindən rayonda suvarma mövsümünə hazırlıq işləri aparılır və tamamlanmaq üzrədir. Hidrotexniki qurğularda təmir işləri gedir. Sağ sahil magistral beton kanalı təmir edilir, sol sahil torpaq kanalında isə qazıntı, lildən təmizlənmə işləri aparılır.
Masallı rayonunda 63 ədəd subartezian quyusu mövcuddur. Nəzərdə tutulan və bu il qazılan 4 ədəd quyu artıq tamamlanmaq üzrədir. Bu quyular əsasən sitrusçuluq, çayçılıq üçün nəzərdə tutulub və həmin ərazilərdə qazılır.
Mart ayında intensiv yağıntılar nəticəsində Viləşçay su anbarına 42,6 milyon kubmetr su yığılıb. Suyun balansını qorumaq üçün, anbarda su yığımı daşqına səbəb olmasın deyə saniyədə 115 kubmetr su Viləşçaya buraxılır.
Qeyd edək ki, Viləşçay su anbarının tutumu 46 milyon kubmetrə malikdir. Su anbarının faydalı həcminin artırılması məqsədilə 2-ci növbəsinin tikilməsi nəzərdə tutulub. Prezidentin müvafiq sərəncamına əsasən layihə işləri aparılır. Görülən işlər nəticəsində anbarın su tutumu 128 milyon kubmetr olacaq. Bununla da Masallı rayonunda 17000 hektara yaxın əkin sahəsi suvarma suyu ilə təmin edilə biləcək.