REGİONLAR
M1 magistral yolunda tikinti-bərpa işləri sürətlə aparılır VİDEO
Bakı, 13 may, AZƏRTAC
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda (M1 magistral yolu) tikinti-bərpa işləri davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən yolda Agentlik tərəfindən tikinti-bərpa işləri Prezident İlham Əliyevin tapşırığına uyğun 2022-ci ilin iş planına daxil edilib və hazırda icrası təmin olunur.
Məlumata əsasən, Rusiya ilə dövlət sərhədi istiqamətində yeni avtomagistral inşa edilir. Ödənişli olması nəzərdə tutulan avtomagistraldan hər hansı bir səbəbdən istifadə etmək istəməyən vətəndaşlarımıza ədalətli və bərabər imkanlara sahib alternativ seçim təmin etmək üçün mövcud Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu bərpa edilir. Hər iki yolda tikinti işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.
Hazırda mövcud Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda tikinti-bərpa işləri magistral yolun 88-ci kilometrindən başlayaraq Bakı şəhəri istiqamətində 66 kilometrlik hissədə aparılır.
Sözügedən işlər zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, yararsız monolit-beton, həmçinin yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra yeni yol əsasının tikintisi aparılacaq. Bu işlər yekunlaşdıqdan sonra yola yeni asfalt-beton örtüyü döşənəcək.
Təmir-bərpa işləri ilə yolboyu avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan problemlər tam olaraq aradan qaldırılacaq.
Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə aparılır. Bu ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib.
Əks istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılıb.
Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.