REGİONLAR
Beyləqanda 7 yaşayış məntəqəsini əhatə edən 36 kilometrlik avtomobil yolu yenidən qurulur VİDEO
Bakı, 17 may, AZƏRTAC
Prezident İlham Əliyevin Sərəncam və göstərişlərinə uyğun olaraq, respublikanın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı irimiqyaslı layihələrin icrası davam edir. Belə layihələrdən biri də Beyləqan rayonunda Gödəklər-Arısu-Qəhrəmanlı-Allahyarlı-Bünyadlı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Beyləqan rayonu ərazisində 7 yaşayış məntəqəsini əhatə edən 36 kilometrlik avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunur. Torpaq yatağının eni 9, yolun hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir.
Yenidənqurma işləri hazırda uzunluğu 8 kilometr olan Allahyarlı yolu istiqamətində aparılır. Görülən işlər çərçivəsində örtüyün və yol geyiminin, həmçinin torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Torpaq işləri aparılan hissələr profilə salınıb və kipləşdirilib.
Hazırda suvarma və qrunt sularının ötürülməsi üçün 10 yeni suötürücü boruların tikintisi aparılır.
Texnoloji ardıcıllığa uyğun olaraq, daha sonra yeni yol əsasınin inşası, əsasın alt layının tikintisi, son mərhələdə yeni asfalt-beton örtüyünün döşənməsi işləri görüləcək.
“İnşaat Norma və Qaydaları”na əsasən asfaltlanma işləri yekunlaşan kimi yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə üfüqi nişanlanma xətləri çəkiləcək, yol nişanları, zəruri yerlərdə avtobus dayanacaqları, kilometr göstəriciləri quraşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan yenidənqurma işləri 17 min əhalin yaşadığı yaşayış məntəqələrinə rahat gediş-gəlişin təmin edilməsi ilə yanaşı, kənd təsərrüfatının inkişafına da şərait yaradacaq.