REGİONLAR
Ağcabədi: əhalinin suvarma və içməli suya olan tələbatı ödənilir VİDEO
Ağcabədi, 6 iyun, AZƏRTAC
Ağcabədi Suvarma Sistemləri İdarəsi rayon ərazisində 63000 hektar əkin sahəsinə xidmət edir. Hər il olduğu kimi, bu il də idarə tərəfindən meliorativ tədbirlər uğurla icra edilir. Cari ildə 12000 hektardan artıq pambıq sahəsində, 19000 hektardan çox taxıl sahəsində və 6322 hektar digər kənd təsərrüfat bitkiləri əkilən sahədə və 25630 hektar yonca sahəsində suvarma işləri aparılıb. İdarənin balansında olan nasoslarla 13000 hektar, öz axımı ilə 23290 hektar, 26710 hektar əkin sahəsi isə artezianlarla suvarılıb. Ağcabədi rayonunda bu il 10 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulub ki, artıq bu işlərin də böyük bir hissəsi arxada qalıb. Bununla da əhalinin suvarma və içməli suya olan tələbatı ödənilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Suvarma Sistemləri İdarəsinin əsas fəaliyyəti idarənin balansında olan 2261 kilometr suvarma kanalı, 2549 kilometr kollektor drenaj şəbəkəsi, 4445 ədəd hidrotexniki qurğu, 53 ədəd elektrik nasos stansiyası, 1026 ədəd subartezian quyusu, 8 ədəd SNP markalı səyyar nasoslar, 2 ədəd üzən nasosun istismarı və təmirini təmin etməkdən ibarətdir. Bundan başqa, idarənin balansında olan nasos stansiyalarında da cari təmir işləri aparılıb. Belə ki, Salmanbəyli-9 nasos stansiyasında bir ədəd elektrik mühərriki və Xocavənd-1 nasos stansiyasında bir ədəd elektrik mühərriki təmir olunub.
Qeyd edək ki, bu ilin əvvəlindən Ağcabədi Suvarma Sistemləri İdarəsi tərəfindən 470 min kubmetr suvarma kanalı və 401 min kubmetr kollektor drenaj şəbəkələri lildən təmizlənib. 103 ədəd subartezian quyusu cari təmir olunub. Görülən işlər nəticəsində su itkisinin qarşısı alınıb, torpaqların münbitliyi artıb.