Qarlı-şaxtalı hava qərb bölgəsində müəyyən çətinliklər yaradıb VİDEO
Şəmkir, 13 yanvar, AZƏRTAC
Artıq bir neçə gündür ölkədə, o cümlədən qərb bölgəsində müşahidə olunan qarlı-şaxtalı hava şəraiti müəyyən çətinliklər yaradıb.
AZƏRTAC xəbər verir ki, qərb bölgəsinin dağ rayonlarında, Şəmkir-Gədəbəy yolunun Yasamal aşırımında, Şəmkir-Yeni Göyçə, Şəmkir-Düyərli-Zəyəm-Tatarlı avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaşanıb. Yol təsərrüfatı işçiləri gecə saatlarından başlayaraq gücləndirilmiş rejimdə çalışırlar. Sərt dolaylarda qabaqlayıcı tədbirlər görülür, yollara qum-duz qarışığı səpilir.
Ucqar bölgələrdə elektrik və qaz təsərrüfatlarında kəsilmələr yaşansa da, artıq problem aradan qaldırılıb.