REGİONLAR
Ağdam Şəhidlər xiyabanına yürüş təşkil olunub - VİDEO
Ağdam, 20 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Ağdam şəhərindəki Şəhidlər xiyabanına yürüş təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yürüşdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və nümayəndəliyin əməkdaşları, “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru, hərbçilər, şəhid ailələri, hüquq-mühafizə orqanlarının, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin nümayəndələri, Ağdam ərazisində çalışan şirkət və qurumların işçiləri iştirak ediblər.
Yürüş iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər. Şəhidlərin xatirəsi əks olunan lövhənin önünə də qərənfillər qoyulub. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirələri ehtiramla yad olunub, ruhlarına dualar oxunub.
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxış edərək, Azərbaycan xalqının azadlıq mübarizəsindən, 33 il əvvəl baş verən hadisələrdən danışıb. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Bakıda dinc əhaliyə qarşı vəhşiliklər törədilib, günahsız insanlar qətlə yetirilib. 20 Yanvar Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də şərəfli səhifəsidir. Qanlı Yanvarda şəhid olmuş qəhrəman oğul və qızlarımız Azərbaycanın müstəqillik əldə etməsində misilsiz rol oynayıblar.
Diqqətə çatdırılıb ki, Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə barışmadı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər sayəsində həm də 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı.
Saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə müsahibəsində deyib: “20 Yanvar Azərbaycan xalqının müstəqillik tarixində çox önəm daşıyan bir gündür. Xalqımız həmin gün verilən qurbanları heç vaxt yaddan çıxarmayacaq. 20 Yanvar Azərbaycan xalqını öz müstəqilliyi uğrunda əzmkar mübarizəyə qaldırdı. Biz bunun nəticəsini 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdə gördük. Müzəffər Ali Baş Komandan, igid oğullarımız tarixi Qələbə qazandı, Qarabağımızı bizə qovuşdurdu. Şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan xalqı öz şəhidlərini heç zaman unutmayacaq. Biz hər zaman onların göstərdiyi qəhrəmanlıqları özümüz üçün örnək olaraq yaddaşımızda saxlayacağıq. Allah şəhidlərimizə rəhmət eləsin”.