Yardımlının “Tək dam” şəlaləsi FOTO VİDEO
Yardımlı, 7 iyul, İlkin Adıyev, AZƏRTAC
Ölkəmizin müxtəlif bölgələrində göz oxşayan çoxsaylı şəlalər var. Haqqında söz açacağımız şəlalə isə gözəl mənzərəsi ilə yanaşı, tarixən strateji əhəmiyyətə malik olması ilə də seçilir. Elə ona verilən ad da bununla bağlıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu şəlalə Masallı-Yardımlı yolunun 25-ci kilometrliyindədir. 34 metr hündürlükdən tökülən şəlalə iki mərtəbədən ibarətdir. Sovet hakimiyyəti zamanında Yardımlının bu dağlıq-meşəlik ərazisindəki tək gözətçi daxması şəlalənin yanında salındığı üçün buranı “tək dam” deyə çağırıblar. Elə o vaxtdan da şəlalənin adı “Tək dam” olaraq qalıb.

Tarixçi-tədqiqatçı Ələsgər Mirzəzadə bildirir ki, şəlalə Peştəsər sıra dağlarında yerləşir: “Şəlalə əsasən qış aylarında daha çox sulu və gur olur. Yayda isə suyu nisbətən azalır. Relyef baxımından da şəlalənin olduğu ərazi mühüm strateji əhəmiyyətə malikdir. Belə ki, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən bu ərazidən tarixin müxtəlif dövrlərində keşikçi məntəqəsi kimi istifadə olunub. Məlumata görə, vaxtı ilə şəlalədən Lənkərana, Masallıya və Cəlilabada üç istiqamətdə yol mövcud olub”.

Ərazi kifayət qədər sərt qayalıqdan ibarət olsa da, rahat yol keçidlərinin olması bura ilboyu həm yerli, həm də əcnəbi turistləri özünə cəlb edir.
Dincəlmək üçün bura gələn Arif Əliyev deyir ki, hər il Yardımlıya gəlir: “Bu il Kazandan nəvəm gəlib, onu da bura gətirmişəm. Buranın gözəlliyi təbiətində, sərinliyindədir. Belə şəlalədən Astara rayonunda da var. Amma ora gedib-gəlmək çox çətindir”.

“Buranın mənzərəsi çox gözəldir. Biz hər il ailəmizlə gəlirik. Burada çox yaxşı dincəlmək olur. Havası çox təmiz və sərindir”, - deyə digər turist Nuray Adıyeva bildirir.
Bakı şəhərindən gələn Elmir Ağayev də Yardımlının füsunkar təbiətindən danışıb. Deyir ki, ilk dəfədir Yardımlı şəlaləsinə gəlib: “Gözəl istirahət edirik. Cənub çox maraqlı bölgədir. Müxtəlif dağlıq əraziləri, şəlalələri, meşəlikləri göz oxşayır”.
Burada həm piyada, həm də araba ilə hərəkət etmək mümkündür. Hazırda isə “Tək dam” şəlaləsinə gəlmək istəyənlərin yeganə və rahat yolu Masallı-Yardımlı magistral yoludur.