Şabranda mürəkkəb relyefli ərazidə baş verən yanğın söndürülüb VİDEO
Şabran, 9 iyul, Elxan Yusifli, AZƏRTAC
Şabran rayonunun Təkyə kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş verən yanğın söndürülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş ərazilərə yayılmasının qarşısı alınıb.
Yanğın nəticəsində təxminən 15 hektar sahədə quru ot, kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanıb. Ətraf yaşayış məntəqələri, istirahət mərkəzləri, kommunikasiya xətləri və meşə yanğından mühafizə olunub.
Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə təsərrüfatı mərkəzinin əməkdaşları və bir qrup kənd sakini iştirak edib.