2 Fevral - Dünya Su-bataqlıq Əraziləri Günüdür
Bakı, 1 fevral (AZƏRTAC). Su-bataqlıq quşlarının mühafizəsi məqsədi ilə hər il 2 Fevral Dünya Su-bataqlıq Əraziləri Günü kimi qeyd olunur.
BMT tərəfindən 2011-ci il “Beynəlxalq Meşələr İli” elan edildiyindən, cari ildə əlamətdar günün “Bataqlıqlar və Meşələr” adı altında qeyd edilməsi nəzərdə tutulmuşdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, eyni zamanda, Ramsar Konvensiyasının imzalanmasının 40 ili tamam olur.
Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan su-bataqlıq yerləri haqqında Ramsar Konvensiyası 1971-ci il fevralın 2-də İranın Ramsar şəhərində imzalanmışdır. Konvensiya Azərbaycan Respublikası tərəfindən 2001-ci il iyulun 18-də ratifikasiya edilmişdir.
Ağ göl, Böyük və Kiçik Qızılağac körfəzləri mühüm su-bataqlıq əraziləri kimi 2001-ci il mayın 25-dən Ramsar Konvensiyasının “Ramsar Siyahısı”na daxil edilmişdir və hazırda digər böyük su-bataqlıq ərazilərinin də bu siyahıya daxil edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanda ümumi sahəsi 200 min hektardan artıq olan su-bataqlıq əraziləri mövcuddur. Respublikamızda sahəsi 1000 hektardan böyük olan su-bataqlıq sahələrinin sayı 17-yə yaxındır (Böyük və Kiçik Qızılağac körfəzləri, Ağ göl, Mahmudçala, Hacıqabul gölü, Kür çayının deltası, Sarısu, Dəvəçi limanı, Xəzər sahili boyu ərazilər və s.). Həmin ərazilərə qışlama və köç mövsümündə 100 minlərlə müxtəlif quş növləri toplanır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Ağ göl Dövlət Təbiət Qoruğunun sahəsi 17924 hektara qədər genişləndirilərək həmin əraziyə Milli Park statusu verilmişdir.
Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin də genişləndirilərək Dənizkənarı Milli Parkın yaradılması nəzərdə tutulur.