31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ KÜVEYTDƏ DƏ QEYD OLUNMUŞDUR
Bakı, 2 aprel (AZƏRTAC). Azərbaycanın Küveytdəki səfirliyindən verilən məlumata görə, səfirlikdə bu ölkədə yaşayan Azərbaycan icması nümayəndələrinin iştirakı ilə 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş anma mərasimi keçirilmişdir. Səfirliyin 1918-ci il mart qırğınları ilə bağlı bəyanatı Küveytin Xarici İşlər Nazirliyinə və bu ölkədəki diplomatik korpuslara təqdim edilmişdir.
Səfirliyin soyqırımı hadisələri ilə əlaqədar məlumatı Küveytin ərəbdilli “Əl-Ray”, “Əl-Vasat” və “Əl-Nahar” qəzetlərində dərc edilmişdir. Qəzetlərdə 1998-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin Fərmanı ilə martın 31-nin Azərbaycanlıların soyqırımı günü elan edildiyi qeyd olunmuşdur. Həmçinin 1918-ci ildə Bakı, Quba, Şamaxı və Azərbaycanın digər bölgələrində ermənilər tərəfindən törədilmiş qırğınlar barədə oxuculara ətraflı məlumat verilmişdir. Mart qırğınlarının ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu, XIX əsrdə ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarında məskunlaşdırılması, daşnaklar tərəfindən Bakının dinc əhalisinə qarşı həyata keçirilmiş qırğınlar, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən məqsədyönlü şəkildə köçürülməsi diqqətə çatdırılmışdır.
Yazılarda keçən əsrin 80-ci illərinin sonlarından başlayaraq qəsbkar ermənilər tərəfindən əzəli Azərbaycan torpaqlarının işğalı, dinc əhaliyə qarşı törədilmiş cinayətlər və Xocalı faciəsi ilə bağlı məlumatlar da öz əksini tapmışdır.