Kiyevdə yaşayış massivləri hava hücumlarının hədəfindədir - AZƏRTAC-ın HADİSƏ YERİNDƏN REPORTAJI VİDEO
Kiyev, 4 avqust, AZƏRTAC
Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə etdiyi son hava hücumu nəticəsində 180-ə yaxın çoxmənzilli bina dağıntılara məruz qalıb. Nəticədə 31 nəfər həlak olub, 170-ə yaxın insan xəsarət alıb. Həlak olanların arasında uşaqlar da var.
Raketin düşməsi nəticəsində dağılan binanın sakini Yola Yelenova AZƏRTAC-a açıqlamasında həmin anları belə xatırlayıb: “Hava hücumu xəbərdarlığı başlayandan gecə saat 2-yə kimi dəhlizdə oturduq. Dronlar uçurdu, səslərini eşidirdik. Sonra sakitlik yarandı. Saat 2-də yatmağa getdik. Saat 4:30-da güclü partlayış səsinə ayağa qalxdım. Dəhşət başladı, gözlərimə inanmadım. Hər şey aşağı düşürdü. Qızım qışqırmağa başladı: "Ana, sağsan?" O, mənə beton plitələrin arasında sıxıldığını dedi. Ona kömək etməyə çalışdım, amma gücüm çatmadı. Sonra pəncərədən qışqırmağa və küçədəki insanları köməyə çağırmağa başladım. Pəncərəmizdən keçib, qızımı plitənin altından çıxardılar. Daha sonra təcili yardım gəlib, ona ilkin tibbi yardım göstərdi, o xəstəxanaya çatdırıldı. Qızım reabilitasiya kursundan keçməlidir”.
Birləşmiş Millətlər Təşkilatının hesabatlarına əsasən, müharibə dönəmində Ukraynada 13 minə yaxın mülki insan həlak olub. Onların arasında yüzlərlə uşaq var.
AZƏRTAC hadisə yerindən foto və videoreportajı təqdim edir:
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev