İran rəsmisi: Gələcəkdə daha təhlükəsiz şəhərlərin qurulması üçün praktik və tətbiq oluna bilən həllərə ehtiyac var VİDEO
Bakı, 17 may, AZƏRTAC
İran iqtisadi təzyiqlərə baxmayaraq dayanıqlı şəhər inkişafı, urbanizasiya və sosial rifah sahəsində fəaliyyətini davam etdirir. Ölkədə şəhər infrastrukturlarının genişləndirilməsi, çoxölçülü yoxsulluğun azaldılması, icmaəsaslı şəhər yenilənməsi proqramlarının həyata keçirilməsi, həmçinin iqlim dəyişikliklərinə qarşı dayanıqlılıq və tullantıların idarə olunması istiqamətində mühüm addımlar atılır.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma nazirinin şəhərsalma və memarlıq üzrə müavini Qulamrza Kazemian Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində çıxışı zamanı bildirib.
Müavin əlavə edib ki, İran bərpaolunan enerji və milli səviyyədə innovativ təşəbbüslərin inkişafına xüsusi önəm verir.
Qulamrza Kazemian çıxışında regionda baş verən münaqişələrin şəhərlərə və mülki infrastruktura ciddi ziyan vurduğunu bildirib. Onun sözlərinə görə, yaşayış məntəqələrinin, nəqliyyat və enerji infrastrukturunun bərpası hazırda əsas prioritetlərdən biridir.
İran rəsmisi vurğulayıb ki, gələcəkdə daha təhlükəsiz, dayanıqlı şəhərlərin qurulması üçün praktik və tətbiq oluna bilən həllərə ehtiyac var. O, beynəlxalq ictimaiyyəti sülhün və humanitar dəyərlərin qorunmasına dəstək verməyə çağırıb.