Roda Arrindell: Bakı Təşəbbüs Qrupu dekolonizasiya prosesinə sadiqdir VİDEO
Vaşinqton, 25 iyun, AZƏRTAC
Karib regionunda yaşayan insanlar olaraq bəzən xəbərlərdən və ya tarix kitablarından müəyyən hadisələr haqqında məlumat alırıq. Ancaq bu cür konfranslarda insanların öz hekayələrini dinləyəndə onların yaşadıqlarını, hisslərini və ağrılarını daha dərindən anlayırsan.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “One Sent Martin” Assosiasiyasının prezidenti Roda Arrindell deyib. O bildirib ki, başqalarının hekayələrini eşitdikcə məlum olur ki, onlar mübarizələrində tək deyil.
“Burada görürük ki, fərqli coğrafiyalarda yaşasaq da, qarşılaşdığımız problemlər oxşardır. Bu isə bizə ümid verir. Bir-birimizin təcrübəsini öyrənir, bir-birimizi daha yaxşı anlayırıq və gələcəkdə də bir-birimizin haqq səsini fərqli platformalarda müdafiə edə biləcəyik. Məhz buna görə belə konfranslar olduqca vacibdir. Azərbaycanın bu qədər fərqli xalqı və nümayəndəni bir araya toplamaq təşəbbüsünü yüksək qiymətləndirirəm. İlk dəfə Azərbaycan haqqında eşidəndə bu ölkə barədə çox az məlumatım var idi. İlk səfərim zamanı isə gördüklərim mənə inanılmaz gəldi. Öz-özümə düşünürdüm ki, niyə kimsə mənim hekayəmi dinləmək istəsin? Sonradan anladım ki, bu yanaşma tam səmimidir. Bakı Təşəbbüs Qrupu dekolonizasiya prosesinə həqiqətən sadiqdir. Müxtəlif beynəlxalq tədbirlərdə çox gözəl çıxışlar eşidirik, amma çox vaxt real öhdəlik hiss olunmur. Bakı Təşəbbüs Qrupunda isə bu sadiqliyi aydın görürük. Görülən hazırlıq işlərini, iştirakçılarla qurulan əlaqəni və bu mesajın daha geniş auditoriyaya çatdırılması üçün göstərilən səyləri müşahidə edirik. Bu səbəbdən də hesab edirik ki, qarşıdakı yolda bizim etibarlı tərəfdaşımız var. Buna görə də onlara minnətdarıq”,- deyə o əlavə edib.