Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO
Astana, 5 oktyabr, AZƏRTAC
Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin qərargahında Azərbaycanın təşkilata sədrliyi dövründə hədiyyə etdiyi və AQEM Gününə həsr olunan Qarabağ atının heykəlinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə təşkilatın Baş katibi Kayrat Sarıbay, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Ölkəmizin Qazaxıstandakı səfiri Əlimirzamin Əskərov çıxışında bildirib ki, Qarabağ atı Azərbaycanın milli irsinin mühüm hissəsidir, cəsarəti və sədaqəti simvolizə edir.
“Azərbaycan məhz bu ruhda Qarabağ atını AQEM-ə təqdim edir. Ümid edirik ki, bu heykəl digər üzv dövlətlərlə dostluğumuzun və AQEM-in aramızda formalaşdırmağa kömək etdiyi səmimi ab-havanın rəmzinə çevriləcək”, - deyə diplomat bildirib.
Azərbaycanın AQEM-ə sədrliyinin prioritetlərindən danışan səfir bildirib ki, oktyabrın 15-də Bakı qurumun yeddinci Sammitinə ev sahibliyi edəcək. Onun sözlərinə görə, Azərbaycan üzv dövlətlər və Katiblik ilə görüşün məzmun və təşkili sahəsində sıx əməkdaşlıq edir.
AQEM-in Baş katibi Kayrat Sarıbay öz növbəsində deyib ki, bu heykəl üzv dövlətlər tərəfindən hədiyyə olunan və Asiyanın mədəni müxtəlifliyini əks etdirən incəsənət əsərləri arasında öz yerini tutacaq.
O qeyd edib ki, son dörd il ərzində üzv dövlətlər AQEM-in bütün beş ölçüsü üzrə etimad quruculuğu sahəsində 100-ə yaxın tədbir keçiriblər. Gündəlik kibertəhlükəsizlik və terrorizmə qarşı mübarizə, dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi, əlaqəlilik və nəqliyyat dəhlizləri, insanlararası təmaslar, kiçik və orta biznes, kənd təsərrüfatı, mədən təhlükəsizliyi, səhiyyə və digər istiqamətləri əhatə edib.
Kayrat Sarıbay, həmçinin Azərbaycanın sədrliyi dövründə ekoloji gündəliyin daha da inkişaf etdiyini, o cümlədən yaşıl turizm, yaşıl iqtisadiyyat, dayanıqlı əlaqəlilik və iqlimədavamlı nəqliyyat dəhlizləri sahəsində təşəbbüslərin həyata keçirildiyini qeyd edib.