Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb
Bakı, 14 oktyabr, AZƏRTAC
Avqustun 17-də elan edilmiş dövlət qulluğuna qəbul müsabiqəsinin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyənləşib. Müsabiqə çərçivəsində 154 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələri üzrə 876 vakant yer müsahibəyə çıxarılıb.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, vakant yerlərdən 115-i A növü, 761-i isə B növü üzrə vəzifələrə aiddir. Elan edilən vəzifələr üzrə qeydiyyatdan keçmiş 4181 namizədlə ümumilikdə 8490 müsahibənin keçirilməsi planlaşdırılır.
Ən çox namizədin müraciət etdiyi vəzifələrdən biri Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbəqədər təhsilin təşkili sektorunda aparıcı məsləhətçi vəzifəsidir. Bir vakant yer üzrə 528 namizəd qeydiyyatdan keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsində aparıcı məsləhətçi vəzifəsi üzrə isə bir vakant yerə 271 namizəd müraciət edib.
Müsahibələrin 2026-cı il noyabrın 2-dən 2027-ci il iyunun 8-dək keçirilməsi nəzərdə tutulur. Namizədlər müsahibənin vaxtı və yeri barədə ətraflı məlumatı DİM-in elektron xidmətləri vasitəsilə əldə edə bilərlər.
Namizədlər oktyabrın 14-dən 16-sı saat 16:00-dək müsahibədə iştirak edib-etməyəcəklərini dəqiqləşdirməlidirlər. İştirakdan imtina etmək istəyən namizədlər şəxsi kabinetlərində müvafiq müsahibə qrafikini seçərək müraciət formasında “İMTİNA” düyməsini sıxmalıdırlar.
Müəyyən edilmiş müddətdə imtina edildikdə, müsahibədə ödənişsiz iştirak hüququ nəzərdə tutulan müsahibələrin sayında bu hal nəzərə alınacaq, ödənilmiş məbləğ isə bank xərcləri çıxılmaqla geri qaytarılacaq. Göstərilən müddət başa çatdıqdan sonra, müsahibə günündən əvvəlki gün saat 16:00-dək edilən imtinalar üçün ödənişin qaytarılması və ödənişsiz iştirak hüququ ilə bağlı güzəştlər tətbiq edilməyəcək.
Mərkəz namizədlərə müraciət etdikləri vəzifələrin qulluq funksiyaları, tutulma şərtləri və müsahibə proqramları ilə əvvəlcədən tanış olmağı, seçimlərini diqqətlə etməyi tövsiyə edir. Namizədlərdən müsahibənin başlanmasına ən azı 30 dəqiqə qalmış müsahibə keçiriləcək binada olmaları xahiş olunur.