İDMAN
Kaxaber Tsxadadze: Qələbəyə ümidimiz böyükdür
Bakı, 13 iyul, AZƏRTAC
Sabah futbolsevərləri maraqlı oyun gözləyir. Əminəm ki, hamı matçdan zövq alacaq. Çünki komandalar bir-birilərinin zəif tərəflərini görüblər.
AZƏRTAC xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bakının "Neftçi" klubunun qonağı olacaq "Dinamo" (Tbilisi) komandasının baş məşqçisi Kaxaber Tsxadadze iyulun 13-də təşkil olunan mətbuat konfransında deyib.
Gürcüstanlı mütəxəssis qeyd edib ki, "Neftçi" "Dinamo"dan güclü deyil. İlk görüşdə qapıya 8 zərbəmiz oldu və bunların yeddisini rəqib qapıçı saxladı. İki kobud səhvə yol verdik ki, bu da nəticəyə təsir etdi. Artıq belə səhvlər etməyəcəyik. Çünki rəqibi daha yaxşı tanıyırıq.
Çoxdandır Bakıda olmadığını deyən 53 yaşlı baş məşqçi deyib: "Azərbaycanda uzun illər çalışmışam. Bakı mənim üçün ən önəmli şəhərlərdən biridir".
"Qələbəyə ümidimiz böyükdür. Biz "Neftçi"nin zəif olduğunu demirik. Heyətində çox güclü futbolçular var. Sadəcə, ilk oyundakı məğlubiyyət rəqibin gücünün deyil, öz səhvlərimizin nəticəsidir", - deyə baş məşqçi əlavə edib.
Komandalar arasında Tbilisidə təşkil olunan ilk görüş "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə bitib. İyulun 14-də "Bakcell Arena"da oynanılacaq cavab qarşılaşması saat 21:00-da başlayacaq.