REGİONLAR
Multikulturalizm Azərbaycanda alternativi olmayan həyat tərzidir
Beyləqan, 17 sentyabr, AZƏRTAC
Tarixən ölkəmizdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşadığı Azərbaycanda multikulturalizm alternativi olmayan həyat tərzinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Xocavənd rayon təhsil şöbəsində “Multikulturalizm və tolerantlığın Azərbaycan modeli” mövzusunda keçirilən tədbirdə səslənib.
Əvvəlcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında hazırlanmış “Fitnə” filmi nümayiş olunub.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Nicat Şirinov Azərbaycanda tarixən formalaşan multikulturalizm ənənələrindən danışıb. Bildirib ki, müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar yerli əhali ilə qaynayıb-qarışmış, qohumluq əlaqələri qurmuş və birgə yaşayışın vəhdətini nümayiş etdirmişlər. Zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik olan və fərqli sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan bu gün, sözün əsl mənasında, dünyada nümunə olacaq bir ölkədir.
Gənclər və İdman İdarəsinin rəisi Aslan Quliyev çıxışında ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında xalqımıza xas olan humanizm və multikulturalizm dəyərlərinin müstəsna rolu olduğunu vurğulayıb. O, sözdə dini və milli tolerantlıqdan bəhs edən bir sıra dövlətlərin və beynəlxalq təşkilatların erməni vandalizminə heç bir münasibət bildirmədiklərini, İslamı isə terrorçu din obrazında təqdim etməyə çalışdıqlarını təəssüflə qeyd edib.