REGİONLAR
Nəqliyyat əlaqələrinin bərpası Naxçıvan istiqamətində tarixi İpək Yolunun canlanmasına səbəb olacaq
Naxçıvan, 14 noyabr, Rauf Kəngərli, AZƏRTAC
Noyabrın 9-da imzalanan Sülh Bəyanatına Naxçıvan Muxtar Respublikasının ölkəmizin əsas ərazisi ilə nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutan maddənin salınması Naxçıvanın 30 illik blokadadan azad olunmasına yol açacaq. Bu baxımdan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası çox böyük perspektivlər vəd edir. Bununla Türkiyənin türk dünyası ilə əlaqələrinin inkişafı da yeni mərhələyə qədəm qoyacaq.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev deyib.
Vəli Baxşəliyev bildirib ki, münaqişə başlayandan sonra ölkəmizin əsas hissəsi ilə muxtar respublika arasında quru yolla əlaqələrin kəsilməsi ciddi çətinliklərə səbəb olurdu. Ötən illər yaranan çətinliklərin aradan qaldırılması istiqamətində kompleks tədbirlər həyata keçirildi. Nəticədə, bu gün muxtar respublika sakinləri həmin problemləri öz həyatlarında hiss etmirlər.
“Heydər Əliyev siyasətinə sədaqət, dövlət başçımızın böyük diqqət və qayğısı, fədakar naxçıvanlıların gecəli-gündüzlü fəaliyyəti, Vətənə, xalqa dərin sevgi qarşıya çıxan bir sıra məsələlərin həllinə imkan verdi”, - deyən Vəli Baxşəliyev qeyd edib ki, bununla belə, Naxçıvanın daha sürətlə inkişaf etməsi üçün blokadanın sona çatdırılması vacib idi. Çünki bununla muxtar respublikanın təbii ehtiyyatlarının, burada istehsal edilən çoxsaylı keyfiyyətli məhsulların ölkəmizin digər bölgələrinə çatdırılması imkanları daha da genişlənəcək, gediş-gəliş daha rahat olacaq. Dəmir yolu xəttinin qurulması ilə daşıma xərcləri aşağı düşəcək, bu isə məhsulun münasib qiymətə bazara çıxarılmasına imkan verəcək. Muxtar respublika ciddi turizm potensialına, gəzməli-görməli yerlərə, möhtəşəm tarixi abidələrə, ziyarətgahlara malik olduğu üçün ölkəmizin digər bölgələrindən bura gələnlərin sayı da xeyli artacaq. Nəqliyyat rahatlığı səbəbindən başqa ölkələrdən gələnlərin sayı nəzərəçarpacaq səviyyədə artacaq. Bu isə Naxçıvanın sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək.
Naxçıvanın tarixi İpək Yolu üzərində yerləşdiyini diqqətə çatdıran Vəli Baxşəliyev vurğulayıb ki, nəqliyyat əlaqələrinin bərpası bu istiqamətdə İpək Yolunun canlanmasına səbəb olacaq. Çünki Naxçıvan üzərində daşımaların həyata keçirilməsi həm məsafəni qısaldır, həm də maliyyə xərclərinin azalmasına imkan verir. Çindən və digər ölkələrdən gətirilən malların Türkiyə və Avropa ölkələrinə çatdırılması və ya əks istiqamətə hərəkət bu yolla mümkün ola bilər. Belə olan halda Naxçıvanın mövcud strateji əhəmiyyəti daha da artacaq.
Vəli Baxşəliyev deyib: “Vaxt var idi ki, torpaqlarımızın işğaldan azad olunması, Naxçıvanın blokada vəziyyətindən çıxarılması məsələsi bizim üçün əlçatmaz hesab olunurdu. Bunu reallığa çevirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və qüdrətli, yenilməz Azərbaycan Ordusu oldu. Ona görə də bu gün bütün xalqımız Ali Baş Komandanı, ordumuzu ürəkdən alqışlayır! Eşq olsun qüdrətli Azərbaycan dövlətinə! Qarabağ Azərbaycandır!”