ELM VƏ TƏHSİL
Tarix Muzeyində şəhid polkovnik Emil Nəzirova həsr olunan tədbir keçirilib
Bakı, 21 yanvar, AZƏRTAC
Yanvarın 21-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Dövlət Sərhəd Xidmətində Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanının mühəndis aviasiya müavini, Mühəndis aviasiya şöbəsinin rəisi, Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin iştirakçısı, 2021-ci il noyabrın 30-da Xızı rayonu Qaraheybət hərbi təlim poliqonunda baş vermiş helikopter qəzası zamanı şəhid olmuş polkovnik Emil Nəzirova həsr edilən “Şəhadəti ilə əbədiyyət qazananlar” adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şəhidlərin əziz xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin baş mütəxəssisi Zümrüd İsmayılova tədbirin əhəmiyyətini vurğulayıb.
Sonra tədbirdə çıxış edən muzeyin icraçı direktoru dosent Fərhad Cabbarov ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində Tarix Muzeyində görülən işlərdən danışıb. O, polkovnik Emil Nəzirov haqqında məlumat verib, şəhidin şəxsi əşyalarının muzeyə təqdim edilməsinə təşəbbüs göstərən ailə üzvlərinə öz təşəkkürünü bildirib və tarix yazan qəhrəmanlarımızın şəxsi əşyalarının muzeydə əbədi qorunacağını qeyd edib.
Dosent Məhfuzə Zeynalova muzeyin Vətən müharibəsi fonduna daxil olan materiallardan bəhs edib.
Muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov slaydlar vasitəsilə şəhid polkovnik Emil Nəzirovun həyat yolundan danışıb.
Şəhidin qardaşı Abbas Nəzirov və qardaşı oğlu Rövşən Nəzirli polkovnik Emil Nəzirovla bağlı xatirələrini bölüşüblər.
Sonra şəhidə məxsus materiallar - geyimlər, sənədlər, fotolar və s. muzeyə təhvil verilib.
Tədbir iştirakçıları muzeydə təşkil olunan “Anadır arzulara hər zaman Qarabağ” sərgisini ziyarət ediblər.