® Onlayn İctimai Nəzarət Platformasının 2 illik fəaliyyətinin yekunlarına dair tədbir keçirilib
Bu gün Onlayn İctimai Nəzarət Platformasının (ENEZARET) 2 illik fəaliyyətinin yekunlarına dair tədbir keçirilib. ENEZARET Platforması ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID/Azerbaijan) tərəfindən maliyyələşdirilən Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində “MG Consulting” MMC tərəfindən həyata keçirilən layihədir.
ENEZARET Platforması vətəndaşlardan onları narahat edən infrastruktur və abadlıqla əlaqədar müxtəlif problemlərlə bağlı müraciətləri qəbul edir və aidiyyəti dövlət qurumlarına yönəldərək onların həllinə nail olur. İki illik fəaliyyətin yekunlarına görə problemlərin təxminən 70 faizdən çoxu öz həllini tapıb.
Dövlət qurumlarının, QHT-lərin və mətbuatın iştirakı ilə keçirilən tədbirdə ENEZARET Platformasının 2 illik fəaliyyətinin yekunlarına dair qısa təqdimat edilib. Təqdimatda Platformaya daxil olan müraciətlərin regional əhatə dairəsinin genişlənməsi və regionlardan daxil olan müraciətlərin sayındakı artım xüsusilə vurğulanıb.
Müvafiq hesabat dövrü ərzində 31 dövlət qurumu vətəndaşların müraciətlərinə baxılmasında və bu müraciətlərdə qeyd olunan problemlərin həllində Platforma ilə əməkdaşlıq edib. 2 illik fəaliyyətin yekunlarına görə 3 qurum (“Azərsu” ASC, Bakı Nəqliyyat Agentliyi və Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi) ən fəal dövlət qurumu qismində və digər qurumlar (Daxili İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Dövlət Reklam Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, “Azərişıq” ASC, “Azəriqaz” İB, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Bakı Şəhər İcra Hakimiyyəti, Yasamal, Nəsimi, Sabunçu, Xəzər, Xətai, Suraxanı, Nərimanov, Səbail, Nizami, Qaradağ, Binəqədi Rayon İcra hakimiyyətləri, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Lənkəran Şəhər İcra Hakimiyyəti, Biləsuvar Rayon İcra Hakimiyyəti) isə səmərəli əməkdaşlığa görə təltif olunub.
Tədbirdə bununla yanaşı, Onlayn İctimai Nəzarət Platforması tərəfindən keçirilən “Fəal vətəndaş-6” müsabiqəsinin nəticələri elan olunub və qaliblər (Kamil Qasımov, Cavad Salmanlı və Rəcəb Əliyev) mükafatlandırılıb.