® Dünyada populyarlaşan idman növünü tanıyaq – kiber idman
Bakı, 6 oktyabr, AZƏRTAC
Bütün dünyada populyarlaşan kiber idman artıq çoxmilyonlu auditoriyaya sahibdir. Böyük büdcəyə malik kiber idman yarışlarındakı gərgin rəqabəti onlayn şəraitdə milyonlarla insan izləyir. Bəs kiber idman gələcəyin idmanıdır, yoxsa sadəcə əyləncədir?
AZƏRTAC xəbər verir ki, Azərbaycan da daxil olmaqla əksər ölkələr kiber idmanı ayrıca idman növü kimi tanıyıb. Kiber idman virtual məkanda insanların - iştirakçıların təkbətək və ya komanda şəklində mübarizə apardığı idman növüdür. Sadə dildə desək, kiber idman kompüter yarışları kimidir, amma daha ciddi, özünəməxsus qayda və şərtləri var. Hazırda dünyada ən populyar kiber idman növləri arasında “Counter-Strike”: “Global Offensive”, “FIFA”, “PUBG”, “League of Legends”, “Dota 2” var.
Adi idman növündə olduğu kimi, kiber idmanda da iştirakçılar - oyunçular fiziki hazırlığa önəm verirlər. Artıq çəki oyun zamanı cəld olmağa, daha çevik qərar qəbul etməyə mane ola bilər. Kiber idmanı ağır atletika ilə müqayisə etmək düzgün olmaz. Amma kiber idman şahmat kimi düşüncənin böyük rol oynadığı idmandır.
Mütəxəssislərin son hesablamalarına əsasən, hazırda dünyada kiber idmanın auditoriyası 250 milyondan çox insanı əhatə edir. Hər il bu rəqəm 15-20 faiz artır. Təbii ki, idmançıların, yəni, iştirakçıların qazancı da artır. Müxtəlif brend şirkətlər kiber idman yarışlarına, komandalara və ya qeymerlərə (oyunçu) sponsor olmağa çalışırlar.
“Newzoo” şirkətinin məlumatına görə, kiber idman növünün qazancı ildən-ilə artır. Ötən il dünyada kiber idman təşkilatlarının dövriyyəsi 700 milyon dollara bərabər olub. Bu məbləğin 86 faizi reklam, sponsor müqavilələri və internet yayımından əldə edilib. Digər hissə kiber idman tədbirlərinə bilet satışı və məhsulların satışına aiddir.
Artıq bukmeykerlər kiber idman yarışlarına pul qoyuluşu qəbul edir. İnsanlar tennis, qolf, reqbidən daha çox kiber idman turnirlərinə yatırım etməklə bu idman növünə maraq göstərirlər.
Ölkəmizdə Azərbaycan Kiber İdman Federasiyası fəaliyyət göstərir. Azərbaycanda 2019-cu ildə yaranan və kiber idman turnirləri keçirən “Gaming League Azerbaijan” bu günədək 40-dan çox çempionat təşkil edib. Kiber idman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.
Qeyd edək ki, kiber idman 2022-ci ildə keçiriləcək 19-cu Asiya Oyunlarının proqramına sınaq kimi salınıb. Deməli, kiber idman artıq əyləncə deyil, gələcəkdə daha çox insanın diqqətini cəlb edəcək idman növüdür.