"Zəngi" liseyində "Ana təbiəti qoruyaq" mövzusunda tədbir keçirilmişdir
Bakı, 29 dekabr (AZƏRTAC). "Zəngi" liseyində “Ekologiya ili”nin başa çatması münasibətilə "Ana təbiəti qoruyaq" mövzusunda tədbir keçirilmişdir.
"Zəngi" liseyindən AZƏRTAC-a bildirmişlər ki, tədbiri giriş sözü ilə açan liseyin direktoru Bayram Heydərov dövlətimizin başçısı İlham Əliyevin "Ekologiya məsələləri hər bir ölkə üçün, hər bir vətəndaş üçün vacib olmalıdır. Bu, insanların sağlamlığıdır. Sağlam ekoloji mühit, sağlam hava, təmiz su - bütün bunlar insanın həyatı üçün ən əhəmiyyətli məsələlərdir" fikrini iştirakçıların diqqətinə çatdırmışdır. Bildirmişdir ki, sağlamlığımızı təmin etmək üçün ilk növbədə təbiəti sağlamlaşdırmaq gərəkdir.
İnsanla təbiətin qarşılıqlı münasibəti ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir, - deyən natiq vurğulamışdır ki, ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ulu öndər Heydər Əliyev ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına təminat yaradan mütərəqqi texnologiyaya malik yeni müəssisələrin tikilməsinə, köhnə texnologiyaların yenisi ilə əvəz olunmasına, yaşıllıqların və parkların salınmasına, mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirmişdir. Hazırda Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirən liseyin direktoru dövlətimizin başçısı tərəfindən 2010-cu ilin "Ekologiya ili" elan edilməsini bunun əyani sübutu kimi qiymətləndirmişdir.
Tədbirdə liseyin valideyn-müəllim assosiasiyasının rəhbəri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək bildirmişdir ki, hər bir Azərbaycan vətəndaşı təbiəti mühafizə siyasətinə, ekoloji mədəniyyətə, təbii resursları qorumağa və onlardan qənaətlə istifadəyə yönəldilən tədbirləri dəstəkləməli, bu istiqamətdə səylərini daha da artırmalıdır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ekoloji tədbirlərin görülməsi ancaq "Ekologiya ili" ilə məhdudlaşmamalıdır.
Liseyin coğrafiya müəllimi Könül Novruzova tədbir iştirakçılarına bu təhsil ocağında “Ekologiya ili” çərçivəsində keçirilmiş tədbirlər barədə ətraflı məlumat vermişdir.
Tədbirdə çıxış edən X sinif şagirdlərindən Aytac Dəmirçibəyli və Abbas Məmmədov Azərbaycanın iqtisadi bölgələrinin təbii sərvətləri barədə məlumat vermiş, onların yaratdığı ekoloji problemlərin xəritəsini diqqətə çatdırmışlar. Ceyhun Maşızadə isə Abşeron torpaqlarında görülən rekultativ tədbirlərdən bəhs etmişdir. Bildirilmişdir ki, Prezident İlham Əliyev Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına böyük ehtiyac olduğunu, Bakı şəhərinin, onun ətrafının ekoloji cəhətdən ən təmiz bölgəyə çevrilməsini qarşıya ən ümdə vəzifə kimi qoymuşdur.
Liseyin V-VII sinif şagirdləri arasında ekologiya mövzusunda keçirilmiş rəsm müsabiqəsinin yekunu haqqında liseyin valideyn- müəllim assosiasiyasının vitse-prezidenti Leyli Cəfərova məlumat vermişdir. Qeyd etmişdir ki, belə müsabiqələrin təşkili şagirdlərin yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması ilə yanaşı, onların maarifləndirilməsində də mühüm rol oynayır.
Tədbirin sonunda bu sahədə fəallıq göstərmiş şagirdlər məktəbin və valideyn-müəllim assosiasiyasının diplomları ilə təltif olunmuşlar.
######
