“AAS–EKOL” MMC-nin fəaliyyət sahələri genişlənir
Bakı, 26 yanvar (AZƏRTAC). “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Niderlandın Azərbaycanda fəaliyyət göstərən “AA Servicess” şirkətinin birgə təsisçiliyi ilə yaradılmış “AAS-EKOL” MMC ötən il “Total” şirkətinin “qazma şlamın bioremediasiyası” üzrə keçirdiyi tenderin qalibi olmuşdur. Bu layihədə “Total” şirkətinin açıq dənizdə apardığı qazma işləri zamanı formalaşan 3,3 min tonadək qazma şlamının bioremediasiyası nəzərdə tutulmuşdur. Layihənin icrasına cari ilin fevral ayında başlanılması planlaşdırılmışdır.
“Ekol Mühəndislik Xidmətləri” QSC-dən AZƏRTAC-a bildirmişlər ki, görülmüş hazırlıq işləri ilə yerində tanış olmaq məqsədi ilə bu qurumun baş direktoru Ramil Əliyev, “AA Servicess” şirkətinin icraçı direktoru Arnoud Qovart, “AAS-EKOL” MMC-nin direktoru Vaqif Əmrahov, iş icraçıları və mütəxəssislər “AA Servicess” şirkətinin Qaradağ rayonunun “Qızıl daş” ərazisindəki poliqonunda olmuşlar.
İştirakçılar poliqonun ərazisi, bioremediasiya sahəsi, yeni alınmış qurğu və avadanlıqla yaxından tanış olmuşlar. Məlumat verilmişdir ki, qazma şlamı “Total” şirkəti tərəfindən xüsusi konteynerlər və gəmilərlə sahilə, oradan isə nəqliyyat vasitələri ilə poliqona daşınacaqdır. Konteynerlər müvəqqəti tutumlara boşaldıqdan sonra yuyularaq növbəti daşınmalar üçün “sifarişçi”yə təhvil veriləcəkdir. Sonrakı mərhələdə şlam tutumlardan sahəyə daşınaraq bioremediasiya prosesinə başlanılacaqdır.
Görüş zamanı “AAS-EKOL” MMC-nin təsisçiləri layihənin icrası ilə bağlı məsələləri müzakirə etmişlər.