ABŞ-dakı Azərbaycan diasporu yeni kampaniyaya başlamışdır
Bakı, 15 iyul (AZƏRTAC). ABŞ Azərbaycanlıları Şəbəkəsinin dəstəyi ilə ölkədəki Azərbaycan diasporu yeni kampaniyaya başlamışdır.
Təşkilatdan AZƏRTAC-a verilən məlumata görə, kampaniya çərçivəsində 1993-cü il iyulun 23-də Azərbaycanın Ağdam şəhərinin ermənilər tərəfindən işğalı ilə bağlı ABŞ rəsmilərinə məktublar göndərilmişdir.
Məktubda bildirilir ki, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində Xocalı, Şuşa və Kəlbəcərdə qətliamlar törədilmiş, 1993-cü ilin ortalarında erməni silahlı qüvvələri, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin şimal-şərqində, Ağdamda əməliyyatlara başlamışdır.
Diqqətə çatdırılır ki, ərazisi 1094 kvadrat kilometr, əhalisi 153 min olmuş Azərbaycanın qədim şəhərlərindən biri olan Ağdamın hazırda 882 kvadrat kilometr ərazisi, bir şəhər və 80 kəndi ermənilər tərəfindən işğal olunmuşdur. 128 min Ağdam sakini yurd-yuvalarından didərgin düşmüş, işğal nəticəsində rayona 6 milyard 179 milyon dollar məbləğində ziyan dəymişdir. İşğal zamanı Ağdamda 5 min 897 azərbaycanlı qətlə yetirilmişdir. Ağdamın ardınca ermənilər dörd rayonu - Qubadlı, Zəngilan, Cəbrayıl və Füzulini də işğal etmişlər.
ABŞ-dakı həmvətənlilərimiz məktubda ABŞ hökumətindən Ermənistanın konstruktiv mövqe nümayiş etdirməyə, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrini yerinə yetirməyə, erməni silahlı birləşmələrinin beynəlxalq səviyyədə tanınan Azərbaycan ərazilərindən çıxarılmalarına, məcburi köçkünlərin doğma yerlərinə qayıtmasına nail olmaq üçün bu ölkəyə təzyiq göstərməyə çağırmışlar.