ABŞ-ın Virciniya Universitetində Azərbaycanla bağlı müzakirələr keçirilib
Vaşinqton, 11 aprel, AZƏRTAC
Əsası ABŞ-ın müstəqillik bəyannaməsinin müəllifi, habelə bu ölkənin üçüncü prezidenti olmuş Tomas Ceferson tərəfindən qoyulmuş Virciniya Universitetində Azərbaycana həsr edilmiş tədbir keçirilib. Universitetin azərbaycanlı tələbəsi Nərmin Hüseynova tərəfindən təşkil edilən tədbirdə çoxsaylı tələbə və müəllim-professor heyəti ilə yanaşı, ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov da iştirak edib.
Səfir E.Süleymanov çıxış edərək Azərbaycanın tarixi, müasir dövrü və ABŞ-Azərbaycan ikitərəfli münasibətləri barədə məlumat verib. Ölkəmizin hazırkı uğurlarından danışan diplomat bu uğurların əsasının hələ ötən əsrin 90-cı illərinin ortalarından ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. O, bu dövrdə məhz Heydər Əliyevin apardığı siyasət nəticəsində irihəcmli xarici sərmayələrin Azərbaycan iqtisadiyyatına daxil olduğunu və ölkədə iqtisadi inkişafın əsasının qoyulduğunu qeyd edib.
E.Süleymanov Azərbaycanda davam etməkdə olan inkişaf layihələri barədə məlumat verdikdən sonra, regionun ümumi inkişafına ciddi maneə olan Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı barədə danışıb.
Daha sonra tədbirin aparıcısı, Universitetin Rusiya və Avrasiya məsələləri üzrə proqramının professoru Alen Linç və regionumuzla maraqlanan tələbələr tərəfindən Azərbaycanın enerji siyasəti və regional siyasi məsələlərə dair suallar verilib.
Sonda Azərbaycan milli mətbəxinin təamları, eləcə də milli mədəniyyət nümunələri nümayiş etdirilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton