ABŞ Təhlükəsizlik Agentliyi “Tesla” avtomobilinin qəzaya uğramasının səbəblərini araşdırır
Vaşinqton, 1 mart, AZƏRTAC
ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) və Nəqliyyatda Təhlükəsizlik Milli Komitəsinin (NTSB) nümayəndələri bildiriblər ki, onlar Florida ştatında “Tesla Inc” avtomobilinin və yarımqoşqulu yük maşınının toqquşması nəticəsində baş vermiş qəzanın araşdırılması üçün qrup göndəriblər.
AZƏRTAC xəbər verir ki, hər iki agentlik “Tesla” avtomobilinin idarəsini dəstəkləyən sistemdən - avtopilotdan istifadə olunması ilə əlaqədar bir neçə qəzanı, o cümlədən 2018-ci ilin martında Kaliforniyada ölümlə nəticələnən qəzanı araşdırır. Əgər avtomobil sektorunda təhlükəsizliyi tənzimləyən NHTSA bu qüsurun əsassız risk yaratdığını hesab etsə, həmin avtomobil markasının geri çağırılmasını tələb edə bilər. NTSB iş üzrə öz tövsiyələrini verəcək.
Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının kuratoru ABŞ Nəqliyyat Nazirliyinin mətbuat katibi bildirib ki, “NHTSA-nın qəza vəziyyətlərini araşdırma şöbəsi bu qəzanın səbəblərini müəyyən etmək üçün xüsusi qrup yaradıb, NTSB isə təhlükəsizlik sisteminin yoxlanılması üçün üç nəfərdən ibarət heyət yollayıb.
Florida ştatının Palm-Biç dairəsi şerifinin departamentinin cümə günü baş vermiş sonuncu qəza barədə hesabatında “Tesla Model 3” avtomobilinin 50 yaşlı sahibinin həlak olması ilə nəticələnən qəza zamanı avtopilotun işə düşüb-düşmədiyi dəqiqləşdirilməyib. Hesabatda deyilir ki, “Tesla” yük qoşqusuna girib, qoşqunun altından keçərkən onun dam örtüyü kəsilib. Sürücü həlak olub.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton