Abşeron rayonu üzrə iş imkanlarının vahid formada təqdimatı keçirilib
Xırdalan, 1 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeronda rayon ərazisində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Rayon Mədəniyyət Mərkəzində reallaşan görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev, 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə Milli Məclisin deputatı Şahin Seyidzadə və rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon üzrə mövcud iş imkanlarının vahid formada təqdimatı keçirilib, məşğulluqla bağlı daxil olan müraciətlərin müvafiq sahibkarlıq subyektlərinə yönləndirilməsi, məşğulluq məsələlərində işaxtaran və işverənlər arasında münasibətlərin formalaşdırılması məsələləri müzakirə olunub.
Rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova respublikamızın hər yerində olduğu kimi, Abşeron rayonunda da sahibkarlar üçün münbit şəraitin yaradıldığını vurğulayıb. Qeyd edib ki, sahibkarlıq subyektlərinin inkişafı, yeni iş yerlərinin yaradılması istiqamətində rayon icra hakimiyyəti tərəfindən lazımi dəstək göstərilir. Yeni açılan iş yerlərində şəhid və qazi ailələrinin işlə təmin edilməsinin vacibliyini diqqətə çatdıran İradə Gülməmmədova, hər birimizin onlara borclu olduğunu deyib.
Sonra deputat Şahin Seyidzadə çıxış edərək ölkədə sahibkarlığın inkişafı istiqamətində dövlət tərəfindən görülən işlərdən, qəbul olunan qanun və qərarlardan danışıb.
Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədr müavini Cəmaləddin Quliyev təmsil etdiyi qurumun həyata keçirdiyi layihələrdən söz açıb.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.