REGİONLAR
Abşeron-Xızı Regional Təhsil İdarəsi təhsil işçilərinin sentyabr konfransı keçirilib
Sumqayıt, 11 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda Abşeron-Xızı Regional Təhsil İdarəsinin təhsil işçilərinin sentyabr konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda dahi rəhbərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müavini Teymur Səmədov çıxışlarında ölkəmizdə həyata keçirilən təhsil siyasəti, ölkə təhsilinin qabaqcıl dünya təhsil sisteminə inteqrasiyası, bu sahədə müasir infrastrukturun və maddi-texniki bazanın formalaşdırılması, kadr potensialının gücləndirilməsinə toxunublar.
Daha sonra Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinin 1 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva ötən il görülən işlər və əldə edilmiş nailiyyətlər, eləcə də qarşıda duran vəzifələr barədə məlumat verib.
Daha sonra Abşeron rayon Masazır kənd 5 nömrəli tam orta məktəbin kimya müəllimi, şəhid baş leytenant İntizar Rəhimovun övladı Aygün Rəhimova çıxış edib.
Konfransda, həmçinin bir sıra məktəblərin, uşaq bağçalarının müəllimləri və tərbiyəçi müəllimləri ötən tədris ilində əldə etdiyi nailiyyətlərə görə mükafatlandırılıblar.
Sumqayıt şəhər 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi dərnək üzvlərinin ifaları da maraqla qarşılanıb.