REGİONLAR
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub
Xırdalan, 18 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında Novruz şənliyi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, parkın hər guşəsi bayram atributları ilə bəzədilib, məktəblər və bağçalar öz stendləri ilə qonaqları sevindirib. Dədə Qorqud və Bahar qızı yazın gəlişinə müjdə verməklə abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatıb. Novruzun ənənəvi personajları - Keçəl və Kosa uşaqları əyləndirib, onlarla oyunlar oynayıblar.
Şənlikdə qeyd edilib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Qələbə qazandığımız Vətən müharibəsindən sonra xalqımız Novruz bayramını artıq daha coşqu ilə, daha möhtəşəm keçirir. Şəhidlərimizin, qazilərimizin və ümumilikdə Ordumuzun qəhrəmanlığı sayəsində bu gün bütöv Azərbaycanda, işğaldan azad olunan torpaqlarımızda bayram tonqalları qalanır, şənliklər keçirilir.
Bayram şənliyinin məşəlini alovlandırmaq üçün cəngavərlər meydana daxil olub və şəhid övladları ilə birgə tonqal qalayıblar. Meydanın mərkəzində alovlanan tonqalın ətrafında dövrə vuran milli geyimli iştirakçılar hər kəsi parkda yaradılan Novruz guşələrini gəzməyə dəvət ediblər.
Sonra bayram iştirakçıları park gəzintisinə çıxıblar. Burada xalq oyunları, milli rəqslər, vətənimizi tərənnüm edən musiqilər, Keçəllə Kosanın məzəli əhvalatları və musiqi ustalarının ifaları abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatıb. Xalqımızın milli-mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif oyunlar, zarafatlar, ümumtəhsil məktəblərinin, məktəbəqədər tərbiyə müəssisələrinin Novruzun və xalqımızın qədim milli ənənələri ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiyalar, folklor kollektivlərinin maraqlı çıxışları, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri, milli mətbəximizin ləziz təamları bayram tədbirinin iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. Milli geyimli qızlar bayram xörəklərini nümayiş etdirib, şənlik iştirakçılarını şirniyyata qonaq ediblər.
Sonra şəhid ailələri ilə birgə Ulu Öndərin adını daşıyan Mərkəzdə “Sosial Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə düzənlənən “Heydər Əliyev - Unudulmaz Lider” adlı fotoxalça sərgisinə baxış keçirilib.
Tədbir konsert proqramı ilə davam edib.