ADU-da dəyirmi masa keçiriləcək: Arye Qut və Azərbaycan həqiqətləri
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) “Arye Qut və Azərbaycan həqiqətləri” mövzusunda onlayn dəyirmi masa keçiriləcək.
Bu barədə AZƏRTAC-a universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Dəyirmi masa mayın 26-sı saat 14:00-da təşkil ediləcək. Tədbirdə ADU-nun rektoru, akademik Kamal Abdulla, İsrailin Azərbaycandakı səfirinin birinci müavini Doron Peer, Milli Məclisin deputatları Qənirə Paşayeva, Anatoliy Rafailov və Ceyhun Məmmədov, Dağ yəhudilərinin dini icmasının sədri Melih Yevdayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, ADU-nun Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva, ADU-nun İsrail və Yaxın Şərq Araşdırmaları Mərkəzinin müdiri Emilya Xudiyeva çıxış edəcəklər.
Arye Qut 1975-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirərək, gənc yaşlarında BDU-da müəllim kimi fəaliyyət göstərib. O, Azərbaycan, rus, ingilis, ivrit, türk və alman dillərində sərbəst danışır.
2000-ci ildən İsrailə köçən Arye Qut İsrail-Azərbaycan münasibətlərinin inkişafında, İsraildə Azərbaycan diasporunun fəaliyyətində daim fəal iştirak edib.
Hazırda Arye Qut İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısıdır. 2016-cı ildən Arye Qut Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərir.
Arye Qut Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən çox analitik məqalənin müəllifidir. O, müxtəlif ölkələrin mətbuatında Azərbaycanın mövqeyini dəstəkləyib, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb.
Uzun illərdir ki, Arye Qut Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrasının, İsrail və Yaxın Şərq Araşdırmaları Mərkəzinin tədbirlərində, ustad dərslərində, dəyirmi masa və görüşlərində yaxından iştirak edir.