Aftandil Hacıyev: Milli komandamızın sabit oyuna ehtiyacı var
Bakı, 11 sentyabr, AZƏRTAC
Azərbaycan millisinin Belçika ilə qarşılaşması həm oyun, həm də qol epizodları baxımından xoş təsir bağışladı. Əfsuslar olsun ki, səhv ucbatından buraxılan bir qol yekunda məğlubiyyətə gətirib çıxardı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ” futbol akademiyasının koordinatoru Aftandil Hacıyev Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Bakıda Belçika yığmasına 0:1 hesabı ilə uduzduğu oyun barədə danışarkən deyib.
O, futbolçularımızın istəkli oyun nümayiş etdirdiyini bildirib: “Hətta qol epizodları belə oldu. Amma Emin Mahmudovun fərqlənməsinə rəqib komandanın müdafiəçisi imkan vermədi. Məncə, millimiz bu görüşdə ən az bir xala layiq oyun göstərdi. Amma bütün qarşılaşmalarda bu cür oynayacağımızı demək çətindir. Bu mənada, sabit oyuna çox ehtiyacımız var. Komandamız bir ara ardıcıl 4-5 oyunda yaxşı nəticə göstərsə də, sonradan eniş yaşandı. Hamımız istərdik ki, sabit oyunun davamını gətirsinlər. İnanıram ki, gələcək matçlarda daha yaxşı oynayıb yüksək nəticə əldə edəcək və hamımızı sevindirəcəklər”.
42 yaşlı mütəxəssis milli komandada nəticələrin hələ də istənilən kimi olmadığını vurğulayıb: “Bu səbəbdən yığmanın hazırda yaxşı vəziyyətdə olduğunu demək çox çətindir. Paralel olaraq, həm oyun, həm də nəticə ürəkaçan olsa, o zaman millimizin uğurlu çıxış etdiyini söyləmək olar. Buna misal olaraq Qazaxıstan seçməsini göstərə bilərəm. Hazırda bu komanda yüksəlişdədir. Artıq öz oyun üslubları var, futbolçular arasında anlaşma yaxşı səviyyədədir”.
Azərbaycan millisinin sentyabrın 12-də “Dalğa Arena”da İordaniyaya qarşı keçirəcəyi yoldaşlıq oyunundan da söz açan Aftandil Hacıyev əlavə edib: “Fikrimcə, bu qarşılaşmada daha az oynayan futbolçuları meydanda görə biləcəyik. Məncə, bu baxımdan yoldaşlıq oyunu faydalı olacaq”.
Qeyd edək ki, Azərbaycan - İordaniya görüşü saat 20:00-da başlayacaq.