REGİONLAR
Ağcabədidə inşa-yazı müsabiqəsi: “Azərbaycan deyəndə səni düşünürük biz”
Ağcabədi, 21 aprel, AZƏRTAC
Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə “Azərbaycan deyəndə səni düşünürük biz” adlı inşa-yazı müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin xatirəsinin yad edilməsi, onun zəngin irsinin və ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsi və yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi şəhər ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirak etdiyi müsabiqədə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru vəzifəsini icra edən Rövşanə Əliyeva Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, xalqımız və dövlətimiz qarşısında xidmətlərindən danışıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir. Bundan sonra da neçə-neçə nəsillər bu məktəbdən bəhrələnərək Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcək. Onun fəaliyyətinin hər bir mərhələsi - istər Azərbaycanda hakimiyyətinin birinci dövrü (1969-1982), istərsə də müstəqilliyimizin bərpasından sonrakı dövr ayrı-ayrılıqda tədqiqat mövzusudur. Fəxarət hissi ilə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyev hər bir azərbaycanlının qəlbində özünə bir abidə ucaldıb.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Aran Ağcabədi internet TV-nın redaktoru Gündüz Nəcəfov Heydər Əliyev fenomeni haqqında ətraflı söhbət açıb, həmçinin “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərdən, dahi liderin sağlam və peşəkar mətbuatın formalaşmasında xidmətlərindən, gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb.
Bir saat davam edən müsabiqədə şagirdlər düşüncələrini kağız üzərinə köçürüblər. İnşa-yazı müsabiqəsinin qalibləri münsiflər heyəti tərəfindən seçilərək Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin diplomları ilə təltif ediləcəklər.